VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyev ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılsın və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin edilsin.

Nazirlər Kabinetinə tapşırılır ki, bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həlli ilə bağlı zəruri tədbirləri həyata keçirsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

Sərəncam 2019-cu il martın 1-dən qüvvəyə minir.

BAKU.WS