VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə “dünyada ən islahatçı” ölkə imici qazandırmaqla, həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib.

Bunu Trend-ə Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatlarını şərh edərkən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

V.Qasımlının sözlərinə görə, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevyeni islahat istiqamətləri barədə danışarkən qeyd edib ki, “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü.”

İcraçı direktoru əlavə edib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan struktur islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir:
"Struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. Prezident İlham Əliyevin dizayn verdiyi yeni iqtisadi modelə uyğun olaraq institutsional altyapı mütəmadi şəkildə yenilənir. Beləliklə, idarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

Prezident İlham Əliyevin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi – səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkiaşfına xidmətə yönəldir".

V.Qasımlı vurğulayıb ki, struktur islahatların gətirəcəkləri faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir:
"Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları, xüsusilə, “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstəməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcəkdir".

Qurum rəhbəri deyib ki, dövlət aparatının yığcamlaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların isə yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir:
"Əslində dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir.

Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatları çərçivəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətləri daha əlçatar və keyfiyyətli olacaqdır. Bir pəncərə və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas süjet xəttidir.

Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar zamanı daimi olaraq sosial tarazlıq qorunub. Bu dəfə də struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu sahədə Prezident İlham Əliyevdən xüsusi tapşırıqlar alıb.

Struktur islahatları “yaxşı idarəetmə” və “açıq hökümət” prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən Azərbaycan 140 ölkə arasında “Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika və Danimarka kimi ölkələri geridə qoyub. Təkcə, bu fakt onu gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb.

Prezident İlham Əliyev biznes mühitini təkmilləşdirmək, davamlı iqtisadi inkişafı təmin etmək, infrastrukturu və insan kapitalını inkişaf etdirmək, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərini gücləndirmək və struktur islahatları aparmaqla ölkənin tarazlı inkişafını təmin edir. Prezident İlham Əliyev tərəfindən aparılan struktur islahatları nəticə etibarı ilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin yaradılması deməkdir".

BAKU.WS