VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan Müdafiə Nazirliyi (MN) "Ehtiyat zabit hazırlığı kursu"na namizədlərin qəbulunu elan edib.

BAKU.WS
 Nazirliyin məlumatına istinadən xəbər verir ki, hərbi hissələrdə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vuran, ali təhsilli, 28 yaşınadək vətəndaşlar oktyabrın 1-dən 22-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində (SQ TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

Məlumatda bildirilir ki, "Ehtiyat zabit hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar: "Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər".

"Kursu müvəffəqiyyətlə başa vuran kursantlara leytenant hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar" — deyə məlumatda qeyd olunub.

O da əlavə olunub ki, namizədlər SQ TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

— kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

— şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə — 1 nüsxədə və çap edilmiş — 2 nüsxədə;

— xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

— ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti — 2 nüsxədə;

— xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti ilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

— doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti — 2 nüsxədə;

— nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) — 2 nüsxədə;

— uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) — 2 nüsxədə;

— evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış — 2 nüsxədə;

— 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə);

— psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;

— qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

— qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

— hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) — 2 nüsxədə.

Bildirilib ki, məhkumluğu olan şəxslər hərbi vəzifəlilərin "Ehtiyat zabit hazırlığı kursu"na qəbul üçün müraciət edə bilməzlər.

BAKU.WS