SİZİN REKLAM BURADA!
055 213 76 73



Mingəçevirdə baş vermiş enerji qəzası ilə bağlı yaradılmış Dövlət Komissiyası tərəfindən yerli və xarici ekspertlər, aidiyyəti dövlət orqanlarının və qurumlarının nümayəndələri də cəlb edilməklə qəzanın baş vermə səbəbləri ciddi araşdırılıb, mövcud çatışmazlıqlar və problemlər, habelə qəzanı doğuran hallar da əks olunmaqla, hərtərəfli və geniş rəy hazırlanaraq Prezidentə təqdim edilib.

Hazırlanmış rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi qeyd olunub.

Ölkə başçısı Dövlət Komissiyasının yekun rəyi ilə tanış olub və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib.

Beləliklə, Komissiyanın yekun rəyində qeyd olunan nöqsanlar nəzərə alınmaqla, Etibar Pirverdiyevin məsuliyyətə cəlb olunması gündəmə gəlir.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Etibar Pirverdiyevin yarıtmaz fəaliyyəti ilə bağlı dəfələrlə parlamentdə məsələ qaldırdığını bildirib:

“Milli Məclisdə onun fəaliyyətsizliyi və vəzifədə olduğu dövrdə baş verən qanunsuzluqlarla bağlı çox kəskin çıxışlarım olub. Belə hesab edirəm ki, Mingəçevirdəki enerji qəzası məhz Etibar Pirverdiyevin yarıtmaz fəaliyyətinin nəticəsi idi. Ölkə zülmətə qərq olan vaxt Pirverdiyevin alternativləri harada idi?!

Ayrılan pullar hara sərf edilib?! Ümumiyyətlə mən heç vaxt Pirverdiyevin işini qənaətbəxş hesab etməmişəm. Əgər Komissiya obyektiv araşdırma aparıbsa, onun əməlində təkcə Mingəçevirdə baş verən hadisə ilə bağlı deyil, ümumiyyətlə işlədiyi dövrdə baş verən qanunsuzluqlara qiymət verilməlidir.

Çünki bunun üçün kifayət qədər faktlar var və təbii ki, bu faktlara qiymət verilə bilər. Amma cənab Prezident əgər onu işdən azad etməklə kifayətlənibsə, məsələnin digər tərəfinin məsuliyyəti hüquq-mühafizə orqanlarının öhdəsinə düşür”.

Ç.Qənizadə yeni təyin olunmuş Baba Rzayevin bu sahədə olan problemlərin öhdəsindən gələcəyinə inandığını vurğulayıb.

BAKU.WS