VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycan prezidenti İlham Əliyevin Fransaya səfəri başlayıb.

BAKU.WS-in məlumatına görə, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə gerçəkləşir.

Səfər çərçivəsində İlham Əliyevin iyulun 19-da Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri Tyerri de Montbrial ilə görüşüb.

Tyerri de Montbrial ümummilli lider Heydər Əliyev ilə Fransada və Azərbaycanda, Prezident İlham Əliyevlə Fransada keçirilən görüşləri məmnunluqla xatırladıb.

Söhbət zamanı Fransa-Azərbaycan ikitərəfli münasibətləri, beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Prezidenti Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.

İlham Əliyev Parisdə Fransa Senatının sədri Jerar Larşe ilə də görüşüb.

Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılayıb. Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.

Jerar Larşe Azərbaycan prezidenti İlham Əliyevi Fransa Senatında yenidən görməkdən məmnun olduğunu deyib. O, bu cür səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Senatın sədri, həmçinin Fransa ilə Azərbaycan arasında iqtisadi, siyasi, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlıqdan danışıb, Bakıda Fransız Liseyinin, Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərdiyini xüsusi qeyd edib. Bildirib ki, bu, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Prezident İlham Əliyev Fransa Senatına növbəti dəfə gəlməkdən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu gün Fransa ilə bütün səviyyələrdə aparılan dialoq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bildirib ki, Azərbaycan Fransanı özünə çox yaxın tərəfdaş, dost ölkə hesab edir və Azərbaycan bundan sonra da Fransa ilə mövcud olan əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Görüşdə vurğulanıb ki, Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər, burada aparılan müzakirələr Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanacaq Sazişə öz müsbət töhfəsini verəcək. Senatın sədri Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli Sazişin yaxın zamanlarda imzalanacağına ümidvar olduğunu deyib. Vurğulanıb ki, Fransa bu sənədin imzalanmasında çox maraqlıdır. Görüşdə parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu qeyd edilib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Fransa Senatında Fransa-Qafqaz Dostluq Qrupu çərçivəsində bir çox görüşlərin, qarşılıqlı səfərlərin keçirildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə olunub. Senatın sədri vurğulayıb ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirmək niyyətindədir.

Sonra prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb.

Azərbaycan Prezidentinin görüşdüyü şəxsslər arasında “Total” şirkətinin sədri və baş icraçı direktoru Patrik Puyane də oluub.

Görüşdə “Abşeron” qaz-kondensat yatağının işlənilməsi və inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəzərin Azərbaycan sektorundakı “Ümid-Babək” təbii qaz yataqlarının işlənilməsində “Total” şirkətinin iştirak etməsi imkanları müzakirə olunub.

Daha sonra görüş “SUEZ” qrupunun baş icraçı direktoru Jan Lui Şassod ilə davam etdirilib.

Görüşdə “SUEZ” şirkətinin Bakı və Sumqayıt şəhərlərində içməli suyun təmizlənməsi üzrə bir neçə layihədə iştirakından danışılıb. Azərbaycanın əhalisinin artdığını qeyd edən prezident İlham Əliyev bu layihələrin vacibliyinə toxundu, onların strateji əhəmiyyətini qeyd edib.

Söhbət zamanı bu sahədə mövcud təkliflər nəzərdən keçirilib, gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

BAKU.WS