VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun indiyə qədər apardığı hesablamalara əsasən, bu işğal nəticəsində əhaliyə 147,8 milyard, dövlətə isə 126,46 milyard dollar ziyan dəyib. Təbii sərvətlərə, maddi irsə və digər sahələrə dəyən ziyan da əlavə edilərsə, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində ölkəmizə ümumilikdə 818,88 milyard dollar ziyan vurulub. İşçi qrup dəymiş ziyanın hesablanması istiqamətində işi davam etdirir.

BAKU.WS-in məlumatına görə, bu faktlar Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun hesabat yığıncağında səsləndirilib.

"Silahlı erməni təcavüzü: İtki və tələfatlarımız” mövzusunda keçirilən yığıncaqda İşçi Qrupunun rəhbəri, professor Xanhüseyn Kazımlı  məruzə ilə çıxış edib. Məruzədə son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətindən bəhs edilib. Bildirilib ki, XX əsrdə azərbaycanlılar dörd dəfə soyqırımına, habelə təqib və deportasiyalara məruz qalıb, öz tarixi torpaqlarından didərgin salınıblar.

Erməni işğalı nəticəsində dəyən birbaşa maddi zərərlərin və ölkəmizin özünümüdafiə xərclərinin hesablanması istiqamətində artıq bir sıra işlərin görüldüyünü bildirən X.Kazımlı qeyd edib ki, İşçi Qrupu tərəfindən ölkəmizin əqli mülkiyyətinə, tarix və mədəniyyət abidələrinə və mülki əhaliyə vurulan birbaşa zərərlərin miqdarı müəyyənləşdirilir.

İşçi Qrupunun hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev bildirib ki, Ermənistanın işğalı nəticəsində Azərbaycana dəyən zərərin qiymətləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda ölkəmizin mövqeyini xeyli möhkəmləndirir. Bu cür qiymətləndirmə və ortaya tutarlı dəlillərin qoyulması, eyni zamanda, Azərbaycanın beynəlxalq qurumlarda da arqumentlərini gücləndirir, konkret faktlar və sənədlərlə çıxış etməyə imkan verir. Bu faktlar həmçinin dövlət məmurlarının və QHT nümayəndələrinin ölkəmizin haqlı mövqeyini daha qətiyyətlə müdafiə etməsinə də şərait yaradır.

Prezident Administrasiyası rəsmisi medianın da bu işdə fəallıq göstərməsinin, hesabatda qeyd olunan faktları geniş işıqlandırmasının vacibliyini vurğulayıb.
 
BAKU.WS