SİZİN REKLAM BURADA!
055 213 76 73



Prezident İlham Əliyev Bərdə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Bərdə rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Müalicə– Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, “ASAN xidmət” Mərkəzi, 2 Uşaq İncəsənət Məktəbi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün 96 mənzilli 3 yaşayış binası tikilmiş, orta əsr Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan Bərdə türbəsi və “Torpaqqala” tarixi abidəsi bərpa olunmuş, Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir edilmiş, 20 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, qırx doqquz min nəfər əhalinin yaşadığı 42 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 63 km olan kəndlərarası avtomobil yolları yenidən qurulmuş, yeni istehsal və emal müəssisələri yaradılmış, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd edilir ki, Bərdə şəhərində abadlıq-quruculuq tədbirlərinin davam etdirilməsi, o cümlədən 8 küçədə əsaslı yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bərdə Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

İlham Əliyev həmçinin Bərdə rayonunun Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamdaq qeyd olunur ki, 13 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı-Körpüsındıran avtomobil yolunun tikintisi məqsədilə Azərbaycanın 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

BAKU.WS