VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub".
 
BAKU.WS-in məlumatına görə, bunu Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev deyib.   
 
Ş. Əliyev xatırladıb ki, bu gün Milli Məclisdə "Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Nəzərdə tutulan dəyişikliklər ətrafında mediada aparılan müzakirələrdə isə yanlış şərhlərə də rast gəlinir.
 
""Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa nəzərdə tutulan dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən bir sıra qurumlar dövlət qulluqçuları təsnifatına salınsın. Misal üçün, Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təmin edilməsində yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyası deyil, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti də iştirak edir.
 
Ona görə də "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişikliklərdə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini təmin edən qurumlar cəm halda göstərilir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının adı qanunda öz əksini tapa bilər, çünki bu ad Konstitusiyada təsbit olunub. Lakin adını çəkdiyim digər iki qurumun - Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin adları qanuna salına bilməz. Ona görə ki, bu hal olsaydı, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri məhdudlaşmış olardı.
 
Konstitusiyaya görə, Azərbaycan Respublikasının Prezidenti qanunları poza bilməz və adını çəkdiyim qurumların mövcudluğu qanunda öz əksini tapsaydı, gələcəkdə zərurət olduqda Prezident onları yenidən təşkil edə və ya adlarını dəyişdirə bilməzdi" deyə, Ş. Əliyev vurğulayıb.
 
Qeyd edək ki, bu gün bəzi media qurumları "Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsini "Prezident Administrasiyasının ləğv olunması" kimi təqdim ediblər.
 
BAKU.WS