ABŞ-ın yeni prezidenti Donald Trampın ölkəsinin miqrasiya siyasətini sərtləşdirən sərəncamından sonra bir sıra ölkələrin vətəndaşlarına viza verilməsinə qadağa qoyulub.
 
Sərəncama görə, Suriya, İraq, Əfqanıstan, Somali və "terrora meylli” başqa ölkələrdən gələn müsəlman miqrantlara viza verilməsi ən azı, müvəqqəti yasaqlanacaq. Məlum qərardan sonra bəzi ölkələrdə, o cümlədən, qonşu Rusiyada  vizaların verilməsi şərtləri sərtləşdirilib. 

Bəs prezidentin bu fərmanları ABŞ-a getmək istəyən azərbaycanlıların viza şərtlərində hər hansı bir təsiri olacaqmı? BAKU.WS-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyindən virtualaz.org-un sorğusuna cavab olaraq deyilib ki, Dövlət Departamentinin vizalarla bağlı yeni təlimatı göndərilib. Təlimatda deyilir ki, Dövlət Departamenti Trampın fərmanından irəli gələn tələblərə əsasən viza üçün müraciət edən bütün ərizəçilərin şəxsən söhbətə cəlb olunmasını tələb edir. Bu zaman diplomatik və rəsmi şəxslər, o cümlədən xarici dövlətlərin və beynəlxalq təşkilatların adından müraciət edən rəsmi və diplomatik şəxslər istisnadır.

Yeni qaydalara istinadən bundan əvvəlki viza müddəti 12 ay əvvəl başa çatmış 14 yaşından 79 yaşına qədər olan xarici vətəndaşlar viza almaq üçün sorğu-sual prosedurundan keçməlidir. Əvvəl bu müddət 48 ay idi. Dövlət Departamentinin təlimatına əsasən konsulluqlar viza üçün müraciət edənləri (rəsmi və diplomatik şəxslər istisna olmaqla) hökmən sorğu-suala çağırmalıdır.
 
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ