SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

"Azərbaycan BMT-nin sülhməramlı əməliyyatlarını beynəlxalq sülh və təhlükəsizliyin saxlanılmasında önəmli mexanizmlərdən biri kimi dəstəkləyir. Qonşu Ermənistan tərəfindən hərbi təcavüz, işğal və etnik təmizləməyə məruz qalmış və digər münaqişələrin qonşuluğunda yerləşən bir dövlət kimi Azərbaycan beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri əsasında regionda və onun hüdudlarından kənarda davamlı sülh və təhlükəsizliyin yaradılmasına sadiqdir".
 
BAKU.WS-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda keçirilən Sülhməramlılar Sammitində çıxışında deyib. Nazir bildirib ki, 1999-cu ildən Azərbaycan Kosovo, Əfqanıstan və İraqdakı sülhməramlı missiyaların hərbi heyətinə nəzərəçarpacaq dərəcədə töhfə verib:
 
"Hazırda, Azərbaycan NATO tərəfindən Əfqanıstanda həyata keçirilən "Qəti dəstək” əməliyyatında iştirak edir. Biz, Azərbaycanda təlim təchizi təminatı da daxil olmaqla, BMT-nin sülhməramlı fəaliyyətlərini dəstəkləməkdə davam edəcəyik". 
 
XİN başçısı həmçinin əlavə edib ki, son on ildə BMT sülhməramlı əməliyyatlarının şəxsi heyətinin ölçüsünün artması və mandatının önəmli dərəcədə şaxələndirilməsi beynəlxalq sülh və təhlükəsizliyə təhdidlərin miqyasının genişlənməsinə dəlalət edir. Digər tərəfdən, bu,  BMT-nin mərkəzi təşkilat kimi qlobal sülh və təhlükəsizliyin saxlanılmasında beynəlxalq səylərin reallaşdırılması baxımından üzv dövlətlərin etimadını təsdiq edir:

"Lakin beynəlxalq sülh və təhlükəsizliyə nail olunması üçün yalnız sülhməramlı əməliyyatlar kifayət etmir. Sülhməramlı əməliyyatlar adətən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması hallarında mövcud problemə münasibətə bir cavabdır. Sülhməramlı əməliyyatların əhəmiyyətini və töhfələrini kiçiltmədən, biz daim xatırlamalıyıq ki, sülh və təhlükəsizliyin bərpası və qorunması üçün dövlətlər tərəfindən beynəlxalq hüquqdan irəli gələn öhdəliklərin, xüsusilə də dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və  ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərinə əməl etməsinin təmin olunması ilkin və öncül tələbdir".
 
BAKU.WS