SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ötən gün Ankarada qətlə yetirilməsi ilə bağlı hadisəyə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, Ölkə.az-a açıqlamasında baş verən hadisə ilə əlaqədar Rusiyaya başsağlığı verib. Baş nazirin müavini deyib ki, sözügedən qətl Türkiyə ilə Rusiya arasında münasibətlərin pozulmasına yönələn beynəlxalq terror hadisəsidir:

"Çox təəssüf ki, qardaş Türkiyədə belə terror hadisəsi törədilib. Şübhəsiz ki, bütün bunlar qardaş ölkə olaraq Azərbaycanı da təəssüfləndirir. Mən bu hadisəni eşidən zaman çox pis oldum, təəssüf hissi keçirdim. Belə xəbərləri eşidəndə az qalır adamın ürəyi partlasın. Axı nə qədər terror olar? Qardaş Türkiyənin başına bu hadisə gəlməmişdi, bunu da etdilər”.

A.Şərifov qeyd edib ki, Türkiyə Azərbaycana hər zaman qardaş ölkədir: "İndi qardaş Türkiyəni istəməyən xeyli qüvvələr var ki, onların da əlinə fürsət düşə bilər. Bu hadisədən Türkiyə əleyhinə ən çox ermənilər sui-istifadə edə bilər. Ancaq "terrorçuluq” qardaş Türkiyə dövlətinə və xalqına yad ifadədir. Yəqin ki, bizi istəməyən qüvvələr Türkiyəyə qarşı problem yaratmağa çalışacaqlar. Ancaq əminəm ki, güclü Türkiyə xalqı və dövləti bu hadisə ilə bağlı da mətin olacaq, yaranan vəziyyəti dəf edəcək”.

Baş nazirin müavini Azərbaycan tərəfinin sözügedən hadisəyə öz münasibətini bildirdiyini və Rusiyaya başsağlığı verdiyini də diqqətə çatdırıb: "Biz bu cür hadisələri şiddətlə qınayırıq”.
 
BAKU.WS