SİZİN REKLAM BURADA!
055 213 76 73


“Baş verən hadisə, Azərbaycanın İrandakı Səfirliyinə qarşı həyata keçirilmiş hücum terror aktıdır. Hesab edirəm ki, İran bu terror aktı ilə bağlı ən qısa vaxtda bütün zəruri hüquqi addımları atmalıdır”.

Bu fikirləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, Azərbaycan dövləti bu qanlı cinayətin açılması və terrorçuların cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcək.

Millət vəkili vurğulayıb ki, İran mətbuatında uzun müddətdir Azərbaycan əleyhinə aparılan təbliğat, rəsmi şəxslərin, ictimai xadimlərin ölkəmizlə bağlı qərəzli açıqlamaları münasibətlərin ciddi şəkildə gərginləşməsinə gətirib çıxarıb:

“Terror aktı məhz belə bir həssas dövrdə baş verdiyindən bunun təsadüf olduğunu söyləmək mümkün deyil. Bu, əvvəlcədən planlaşdırılmış bir cinayətdir. Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, bu terror ikitərəfli münasibətlərdə mütləq şəkildə öz izini qoyacaq. Əlbəttə ki, İran tərəfinin atacağı addımlardan çox şey asılıdır”.

Soltan Məmmədov bildirib ki, İran beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Xatırladıb ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına görə bütün ölkələrin ərazisindəki diplomatik nümayəndəlik binalarını edilə biləcək hücumlardan qorumaq öhdəliyi var:

“İranın bu terrorla bağlı atacağı addımlar onun bu konvensiyaya, üzərinə götürdüyü öhdəliklərə münasibətinin göstəricisi olacaq. Azərbaycan tərəfi öz mövqeyini kifayət qədər aydın və konkret şəkildə ifadə edib. Bunun terror aktı olduğu rəsmi səviyyədə bəyan olunub. Hesab edirəm ki, İran əgər həqiqətən baş vermiş hadisəyə obyektiv qiymət vermək istəsə beynəlxalq hüquqa uyğun davranacaq”.

Deputat daha əvvəl Fransa və Böyük Britaniyada Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan diplomatik nümayəndəliklərinə olan hücumların araşdırılması, lazımi hüquqi qiymət verilməsi üçün bütün zəruri addımları atır:

“İranda baş verənlər faciə ilə nəticələnib. Bu faciəni törədən terrorçular da öz layiqli cəzalarını almalıdır. Hesab edirəm ki, İranın bu məsələyə nə dərəcədə səmimi və ədalətli yanaşacağı münasibətlərin gələcəyinə əhəmiyyətli dərəcədə təsir göstərəcək”.

BAKU.WS