SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Özbəkistan nümayəndə heyəti, həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsini yad edib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.

Həmin gün İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikası Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə görüşüb.

Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Vurğulanıb ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan beynəlxalq arenada səmərəli əməkdaşlıq edir, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi dialoqun şaxələndirilməsinə və vahid inkişaf məqsədlərinə nail olunmasına səy göstərirlər. Tərəfdaşlığın dərinləşməsində Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır.

Bildirilib ki, işgüzar əlaqələrin inkişafı ikitərəfli əməkdaşlıqda mühüm rol oynayır. Bu kontekstdə Özbəkistana ixrac missiyasının təşkili, investisiya “rodşousu” tədbiri və birinci regionlararası forumun keçirilməsi iş adamları arasında əlaqələrin güclənməsinə, yeni birgə layihələrin icrasına stimul verəcək.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət genişlənir. İqtisadiyyat naziri qeyd edib ki, sənaye, nəqliyyat, energetika, ticarət, kənd təsərrüfatı sahələrində əməkdaşlıq potensialının reallaşdırılması üçün müvafiq tədbirlər görülür.

Görüşdə həmçinin, işğaldan azad olunmuş ərazilərimizə investisiya yatırmaq imkanları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Özbəkistan şirkətləri ölkəmizdəki əlverişli biznes mühitindən yararlanmağa dəvət edilib.

Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayev Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında önəmini qeyd edib.

Tərəflər ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticarət əlaqələrimizin inkişafı üçün yaratdığı imkanların reallaşdırılması və investisiyaların təşviqi məsələlərini müzakirə ediblər.

***13:44

Özbəkistanın baş nazirinin müavini, investisiya və xarici ticarət naziri ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin görüşü olub.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

Paylaşımda bildirilib:

“Özbəkistanın baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevlə ölkələrimiz arasında dostluq və çoxşaxəli əməkdaşlığın iqtisadi-ticari əlaqələrimizin inkişafı üçün yaratdığı imkanlar və investisiyaların təşviqi barədə müzakirələr apardıq”.

BAKU.WS
VİDEO

QALEREYA