SİZİN REKLAM BURADA!
055 213 76 73


1992-ci il fevralın 25-indən 26-na keçən gecə Xocalı şəhərində insanlıq əleyhinə törədilmiş cinayət faktı Azərbaycan tarixinə soyqırım cinayəti kimi daxil olub. Belə ki, strateji baxımdan əlverişli mövqedə olan Xocalı şəhərinin işğal olunması Ermənistan üçün mühüm əhəmiyyət kəsb edirdi. Burada baş verən soyqırım hadisəsinin dəhşəti çəkilən foto və video yazılarda aydın şəkildə görünür.

Böyük Britaniyanın “Reuters” agentliyi, “The Times”, “The Guardian” qəzetləri, “BBC” telekanalları müharibə müxbirlərini həmin dövrdə Qarabağa ezam edərək törədilən cinayətləri arxivləşdirib. Birinci Qarabağ müharibəsi dövründə amansızlıqla qətlə yetirilmiş azərbaycanlıların cəsədlərinin araşdırılması zamanı bu cinayətlərin xüsusi amansızlıqla törədildiyi məlum olub. Belə ki, aşağıdakı linkdə cəsədlər üzərində törədilmiş qeyri-insani davranışlar dünya tarixində ilk dəfə erməni təxribatçıları tərəfindən etnik zəmində azərbaycanlılara qarşı törədilib.



Birinci Qarabağ müharibəsinin iştirakçısı və daha sonra Ermənistan Respublikasının prezidenti olmuş Serj Sarkisyan mətbuata verdiyi müsahibələrdə Xocalıda baş verən cinayət hadisələrinə açıqlama gətirərək bir daha bu əməllərin qərəzli və etnik təmizləmə məqsədilə törədildiyini etiraf edib.

“Xocalıdan qabaq azərbaycanlılar elə fikirləşirdilər ki, onlarla zarafat edirik. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl
qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”. (S.Sarkisyan)

Sabiq prezidentin sözlərindən də məlum olur ki, illərlə erməni xalqı ilə sülh şəraitində yaşayan azərbaycanlılarda ermənilər tərəfindən belə bir əməlin törədiləcəyinə dair heç bir gözlənti olmayıb. Ancaq ekstremist əməlləri həyata keçirmək üçün bu stereotipi qırmaq, düşmənçiliyi qızışdırmaq lazım idi. Xocalı soyqırımı buna yol açacaq önəmli amil kimi görünürdü.

S.Sarkisyan erməni gəncləri ilə olan bir başqa görüşündə isə aşağıdakıları deyir:

“Biz öz missiyamızı yerinə yetirdik, Qarabağı düşmənlərdən azad etdik. İndi isə növbə sizindir.”

Psixoloji cəhətdən insanı müxtəlif tipli nifrət cinayətlərinə məcbur edən və özündə qarşı tərəfi qıcıqlandırmaq kimi məsələləri ehtiva edən nifrət nitqinin nümunələri Ermənistanın siyasi rəhbərliyi tərəfindən dəfələrlə dilə gətirilərək törədilən cinayətlərdən, işgəncələrdən məmnunluq hissi açıq şəkildə göstərilib.

Müasir dövrümüzdə anti-Azərbaycan təbliğatı aparan gənclər həmin dövrün siyasətinin formalaşdırdığı nifrət əsaslı ideologiyanın məhsuludur. Təəssüf hissi ilə qeyd edilməlidir ki, bu vəziyyət regionda insan hüquqlarına və sülhün təmininə təhlükə yaradır.

Ağdaban faciəsi

8 aprel 1992-ci ildə erməni əsilli ekstremistlər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə məhv edilmiş, sakinləri xüsusi amansızlıqla soyqırıma məruz qalıb. 779 nəfərə işgəncələr tətbiq edilmiş 67 nəfər isə xüsusi amansızlıqla qətlə yetirilib.

Bundan əlavə, 2 nəfər itkin düşmüş, 12 nəfər isə ağır bədən xəsarətləri alıb. Azyaşlı və ahıl insanlar diri-diri yandırılmışdır. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılmış, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olunmuş və məhv edilmişdir.

1993-cü ilin aprelində Kəlbəcərin işğal olunması zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində xüsusi amansızlıqla qətliam törədilib. 113 günlük mühasirə ərzində kənd sakinləri buradan dəfələrlə çıxmağa cəhd etmiş, lakin 9 nəfər qətlə yetirilmiş, 5 nəfər girov götürülüb. Kənddən çıxmağa çalışan dinc sakinlər müxtəlif gizli mağaralarda gizlənərək günlərlə ac və susuz saxlanılıblar.

Orxan Hüseyn
BAKU.WS