SİZİN REKLAM BURADA!
055 213 76 73


 

  

Prezident İlham Əliyev xalq şairi Fikrət Qocaya "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 
 
BAKU.WS-in məlumatına görə, şair Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə təltif edilib.
 
Dövlət başçısı F.Qocanı 80 illik yubileyi münasibətilə təbrik edib:

"Hörmətli Fikrət Qoca! 
 
 
Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 80 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Siz xalqımızın söz sənəti xəzinəsinə ötən əsrin 60-cı illərindən etibarən ənənə və novatorluğun qovuşuğunda özünüzə xas ifadə tərzi ilə dəyərli töhfələr bəxş etmiş şəxsiyyətlərdənsiniz. Mənəvi ucalığa çağırışla, lirik-fəlsəfi düşüncələrlə zənginliyi əsərlərinizi geniş oxucu kütləsinə daha çox sevdirib.

Azadlıq və istiqlal ideyalarını tərənnüm edən şeir və poemalarınızın gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyəti vardır. Ədəbi fikir xəzinəmizdən, milli folklordan bəhrələnən yaradıcılığınız bütövlükdə ana dilimizə sevgi və ehtiramın parlaq təzahürüdür. Sözlərinizə musiqisevərlər tərəfindən həmişə rəğbətlə qarşılanmış çox sayda mahnının bəstələnməsi Sizin bədii sözün hüdudsuz imkanlarından daim ustalıqla faydalandığınızı göstərir.

Müasir ədəbi-mədəni proseslərin azərbaycançılıq məfkurəsinə uyğun istiqamətləndirilməsi işində çoxillik fəaliyyətiniz təqdirə layiqdir. Ümidvaram ki, vətəndaşlıq qayəsi ilə yoğrulan əsərləriniz hələ neçə illər bundan sonra da xalqımıza xidmət göstərəcək".
 
ŞAHİN Həbibov
BAKU.WS