SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qalib ordunun sərkərdəsi kimi tarixi Şuşa şəhərinə səfəri Ermənistanın ürəyinə saplanan xəncərdir. İllərdir Cıdır düzündə kef məclisləri təşkil edən, yallı gedən, Ermənistan rəhbərliyi indi İlham Əliyevin Şuşadan rəsmi İrəvana göndərdiyi mesajları sakitcə dinləmək məcburiyyətindədirlər.

Prezident çıxışlarında 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasında gənc nəslin oynadığı roldan danışıb.

Bildirib ki, Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib.

17 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir, bu illər ərzində yetişən insanlar bu torpaqları azad ediblər.

Prezident onu da vurğulayıb ki, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var, ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirib.

“2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”, - İlham Əliyev belə deyib.

İkinci Qarabağ Müharibəsində Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatlarından çox danışılır. Xüsusi təyinatlı qüvvələrin Şuşa əməliyyatı zamanı göstərdikləri cəsarət yeni nəsil müharibə üçün ən böyük nümunələrdən biridir.

Şuşanın azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir.

Bildirək ki, müharibənin gedişində Prezident İlham Əliyev Şuşanın azad edilməsinə qarşı bütün təzyiqlərə mərdliklə sinə gərdi, əsl liderlik, mərdlik, cəsarət nümunəsi ortaya qoydu.

Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruhun bir nöqtədə birləşməsinin təzahürüdür.

“Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib.

Əminəm ki, Şuşa əməliyyatı aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaq”, - deyə Prezident söyləyib.

Bu arada, Şuşa səfəri həm də Prezidentin Ermənistanda revanşizm haqqında düşünənlərə xəbərdarlıqla da müşayiət olundu.

Prezident İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsi önündə çıxış edərkən Ermənistanı təxribatçı addımlardan çəkinməyə çağırıb:

“Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, Azərbaycanın dəmir yumruğunu bir daha görəcək”.

Azərbaycan Ordusu Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qoruyur.

Prezident ritorik olaraq Ermənistanın ordu qurub torpaqları geri ala biləcəyinə dair ritorik sual ünvanlayıb və Müzəffər Ordunun Ali Baş Komandanı kimi, qürurla xəbərdarlıq edib:

“Gəlin, alın. Gəlin bura, siz buradasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”, - deyə İlham Əliyev əlavə edib.

Prezidentin çıxışından gəlinən nəticələr bunlardır: Birincisi Azərbaycan Ermənistan siyasi dairələrinin Dağlıq Qarabağda qol-qanaq açmasına qəti yol verməyəcək.

İkincisi, Ermənistan rəhbərliyinin həyasızcasına Dağlıq Qarabağa yenidən status tələb etmələrinin ardı kəsilməsə Azərbaycan adekvat tədbirləri görəcək.

Üçüncüsü, ümumiyyətlə, 44 günlük müharibə ilə status məsələsi də darmadağın oldu.

Dördüncüsü, Prezident İlham Əliyev Qarabağın işğalında xüsusi rol oynamış Robert Koçaryan və Serj Sarkisyan cütlüyünə də “Dəmir yumruq”u xatırladır.

“Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq”.

oxu.az

BAKU.WS