SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprelin 27-də Səfir Şah Məhəmməd Camalın rəhbərlik etdiyi Pakistanın Milli Müdafiə Universitetinin və "Milli Təhlükəsizlik və Müdafiə kursu"nun nümayəndələrindən ibarət heyət Azərbaycan Respublikasına səfəri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında olub.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumatda bildirilir ki, tanışlıq zamanı qonaqlara Akademiyada təlim-tədris prosesinin təşkili, inzibati və kursantların yerləşmə binasının maddi-texniki imkanları nümayiş etdirilmiş, Akademiyanın yaradılması və inkişafı, əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib.

Görüşdə kursantların təlim-tədrisi üçün yüksək şərait yaradılmış, müasir tələblərə cavab verən, memarlıq üslubu ilə fərqlənən Akademiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi xüsusilə vurğulanıb.

Sonra Pakistan nümayəndələrinə "Azərbaycanın sərhəd təhlükəsizliyinin təşkili" mövzusunda təqdimat keçirilib, Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti və onun inkişaf tendensiyaları, sərhəd təhlükəsizliyinə olan təhdidlər, Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması qeyd olunmuş, qonaqlara Dövlət Sərhəd Xidmətinin yaradılması, əsas vəzifələri, ölkə rəhbərliyinin böyük qayğı və diqqəti nəticəsində sərhəd mühafizəsinin gücləndirilməsi və müasirləşdirilməsi istiqamətində görülmüş işlər, Dövlət Səhəd Xidmətinin beynəlxalq əlaqələri, o cümlədən Pakistanın aidiyyəti qurumları ilə əməkdaşlığı barədə ətraflı məlumat verilib.
 
BAKU.WS