VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Ermənistan artıq ayılır, Rusiyanın əsarətindən qurtulmağa çalışır. Əgər əvvəllər Rusiyanın buradakı agentlərinin və nökərlərinin təsiri altında olan insanların sayı çox idisə, indi onlar qəflət yuxusundan ayılırlar, situasiyanı dəqiq dəyərləndirməyə başlayırlar. Yalnız şərəfsizlər və casuslar hələ də deyirlər ki, "Rusiya Ermənistanın müdafiəçisidir, Ermənistanı Türkiyədən qoruyur”.

BAKU.WS milli.az-a istinadən xəbər verir ki, bunu Ermənistandakı "Birinci İnformasiya Kanalı"na verdiyi müsahibəsində Ermənistan Milli Müqəddərat Birliyinin lideri, ölkənin ən məşhur müxalif siyasətçilərindən biri Paruyr Hayrikyan deyib. O, öz fikirlərini belə davam etdirib: "Beləsinə deyirsən ki, axı sən axmaq deyilsən, olmaya Türkiyə bizə müharibə elan edib, Ermənistana hücum edib ki, Rusiya bizi müdafiə etsin?! Yəni bu casuslar ermənilərin mühacir mentalitetindən istifadə edirlər. Məsələn, erməni Van şəhərindən qaçanda rus əsgərinin uşağı ata mindirməsindən kövrəlir, amma anlamır ki, elə həmin rus əsgəri Vanı viran qoyub. Və həmin adamlar deyirlər ki, Dağlıq Qarabağ təhlükədədir. Dağlıq Qarabağ erməniləri yox, Ermənistan təhlükədədir”.

Paruyr Hayrikyan deyib ki, indi təlxəklik etmək gərək deyil: "S.Sarkisyan yaşlı adamdır, özünü biabır etməsin. Nə birləşmə?! Sən çoxdan Rusiyanın xüsusi xidmət orqanları ilə birləşibsən, Sarkisyan. Robert Köçəryan da yanındadır”.

- Serj Sarkisyanın hakimiyyəti saxtakarlıq yolu ilə iqtidara gəldiyindən onları sadəcə, Rusiyanın casusları sayıram. Unikal ölkəyik ki, Türkiyə ilə yanaşı, Rusiya da bizi hədəfə alıb. Birdəfəlik anlamaq gərəkdir ki, düşmənimiz Türkiyə yox, Rusiyadır. Belədirsə, ay Levon Ter-Petrosyan, axı sən prezident olanda Rusiyanın hərbi bazasının Gümrüdə yerləşməsinə niyə icazə verdin?! Türkiyənin də burada bazası yaranarsa, lap əla olar.
 

  

Dünyanın bütün dövlətləri kiminsə əsarətindən qurtularaq müstəqil olduqlarını deyirlər. Biz isə hələ də demirik ki, Rusiyanın əsərətindən xilas olaraq müstəqil olmuşuq. Levon Ter-Petrosyan, Serj Sarkisyan deyirlər ki, Ermənistan məhz Qarabağ hərəkatı sayəsində müstəqil olub. Tanrıya and olsun ki, bizim rəhbərlər qoyundur. Ay zavallı, bədbəxt qoyun, sən deyildin Qarabağı Ermənistana birləşdirmək istəyən? Sən ona görə müstəqil oldun ki, mən Ayrikyan və yoldaşlarım xalqa başa saldıq ki, referendum vasitəsilə müstəqil ola bilərik. İndisə ermənilərə deyirəm: ayılın, bizim qoyun rəhbərlər Qarabağı itirdilər.

Paruyr Hayrikyan deyib ki, Rusiya ilə münasibətlərə yenidən baxmaq lazımdır. "Rusiyanın Türkiyə ilə, Azərbaycanla anlaşmaları varsa, bizim müdafiəçimiz yox, düşmənimizdir. Diplomatik dildə danışıqlar diplomatlar üçündür. Amma bir anlıq təsəvvür edin ki, ata və ya anasınız, övladınızı da Qarabağda öldürüblər. Nədir, quyruq bulayacaqsınız?

Əgər bulayacaqsınızsa, deməli, bu taleyə layiqsiniz. Yox, Rusiya ilə rahat, diplomatik dildə danışmaq olmaz. Mən açıq deyirəm: ruslar, siz əclafsınız, Rusiya imperializmi bəşəriyyətə qarşı şərdir və Ermənistandan rədd olub getməlidir”.

Müxalifət lideri fikirlərini belə davam etdirib: "Çox pis, ağır vəziyyətdəyik. Millət olaraq çökmüşük. İnsanlarımız küçələrə çıxaraq Serj Sarkisyanın istefasını tələb edirlər. Amma mən belə demirəm, çünki bilirəm ki, Serj Sarkisyan getsə, Qalust Saakyan gələcək. Sarkisyan casusdursa, Qalust Saakyan "peşka"dır. Yəni casusun "peşka"sı taleyimizi həll etməlidir?! İnqilab etmək olardı, amma ölkədə inqilab etməyə layiq, inana biləcəyimiz siyasi qüvvə yoxdur”.

BAKU.WS