SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyada dini ayrı-seçkiliyin gücləndiyi və dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. Bu gün dünya ölkələrində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlər boyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir və bu, inkaredilməz həqiqətdir.

Azərbaycanda kilsə və sinaqoqlarla yanaşı, bir çox xristian, yəhudi dini tədris müəssisələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi və onlara dövlət tərəfindən lazımi dəstək verilməsi də buna əyani sübutdur. Bir çox ölkələri öz ağuşuna almış arzuolunmaz proseslərin fonunda ölkəmizdə Azərbaycançılıq məfkurəsinin, milli-mənəvi, dini dəyərlərin, tolerantlıq siyasətimizin təbliği və daha da möhkəmləndirilməsi, bu mühitin qorunub saxlanılması Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir və xalqımız bunu gündəlik həyatının hər anında hiss etməkdədir.

Hər bir xalqı, ilk növbədə dünyada tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. Zaman ötdükcə ölkəmiz dilimizin inkişafı ilə yanaşı, mədəni irsimizin qorunub saxlanması, multikultural ənənələrin, milli və dini tolerantlığın, dözümlülüyün, çox qədim bir tarixə malik olan mədəniyyət abidələrinin qorunması, dini məbədlərin bərpa olunması sahəsində böyük layihələr həyata keçirir.

Çünki ölkə həyatının digər mühüm sahələri kimi, indicə qeyd etdiyimiz məsələlər də dövlət siyasətinin əsas istiqamətlərindən hesab olunur. Bu səbəbdən də dövlətçiliyimiz üçün mühüm olan və xalqımızın taleyində böyük əhəmiyyət kəsb edən digər məsələlərin, milli-mənəvi dəyərlərimizin inkişafının yeni ənənələrlə zənginləşməsi, dünyada tanıdılması və təbliği sahəsində də böyük işlər görülür.

Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən, zəngin tarixə malik İslam dini ölkəmizdə VII əsrin ortalarından yayılmağa başlamış, ictimai şüurda hakim yer tutmuşdur. İslam özündən əvvəlki dinlərə nəinki qadağa qoymuş, əksinə ayrı-ayrı dinlərə etiqad edən insanların vicdan azadlığının, öz məbədlərində dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək haqqının toxunulmazlığını təmin etmiş, tovhid prinsiplərinə zidd olmayan ənənələrin legitimliyini qoruyub saxlamışdır. Nəticədə, İslam dünyasına qovuşan Azərbaycanda bütün xalqlar öz dini etiqadlarını, adət-ənənələrini günümüzədək qoruyub saxlaya bilmişlər. Ölkəmizdə bu gün də bir çox dinlərin milli-mənəvi dəyərləri, abidələri bərpa və mühafizə olunur. Bütün bunlar ölkədə güclü tolerantlıq ənənələrinin, multikulturalizmin təşəkkülünə, möhkəmlənməsinə və inkişafına gətirib çıxarmışdır.

Ölkəmizin əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb olmuş, burada Zərdüştlük, Xristianlıq və İslam dini yayılmışdır. Qədim inancların adətləri, tarixi qədimliyi bu günə qədər qalmaqdadır. Dini inancların fərqli olduğu, yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması ən böyük multikultural ənənədir. Bu tarixi ənənəni Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, rutullar, udilər, assiryalılar və qrızlar bu günə qədər qorumaqdadırlar.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələri ölkəmizdə gedən müharibə dövründə də vəhdət nümayiş etdiriblər. Bu, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandakı dini konfessiyalarla birgə Vətən Müharibəsi ilə bağlı yaydığı bəyanatda öz əskini tapıb. Həmçinin Gəncəyə ötən günlərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən təşkil edilən terror hücumu xristian və yəhudi icmaları tərəfindən pislənmiş və günahsız insanların ölümünə etiraz olunmuşdur.

BAKU.WS