SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı başladığı geniş miqyaslı hərbi təcavüzünə cavab olaraq qəhrəman Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları hərb meydanında ardıcıl olaraq qələbələrlə yekunlaşır. Hər gün Ordumuzun cəbhədə əldə etdiyi uğurlar haqqında məlumatlar əldə edirik".

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin deputatı Rauf Əliyev bildirib.

O qeyd edib ki, müharibə eyni zamanda informasiya cəbhəsində də gedir. Hamıya məlumdur ki, müharibə zamanı informasiya sahəsində həyata keçirilən siyasət çox böyük əhəmiyyət daşıyır:

"Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət düşmənlə həm hərb meydanında, həm də informasiya müharibəsində üstünlük qazanmağımıza şərait yaratmışdır. Müharibə başladığı dövrdən bəri cənab Prezident dünyanın ən məhşur televiziya kanalları olan “CNN İnternational”, “Əl-Cəzirə”, “Euronews”, “CNN-türk”, “Rossiya-1”, Türkiyənin “TRT Haber”, Rusiyanın “Pervıy Kanal” televiziyasına, ümumilikdə 10-dan çox televiziya kanalına müsahibə vermişdir. Cənab Prezident bu müsahibələrində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti, uzun illərdən bəri işğal altında olan torpaqlarımızda azərbaycanlılara aid olan bütün tarixi-mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərə qeyri-qanuni köçürmə siyasətinin həyata keçirdiyi və 27 sentyabrdan başlayaraq Ermənistanın növbəti dəfə mülki əhalimizə qarşı başladığı geniş miqyaslı hərbi əməliyyatlar və təcavüzkarın təxribatlarına qarşı Azərbaycanın həyata keçirdiyi cavab tədbirləri barədə məlumat vermişdir.

Cənab Prezident oktyabrın 12-də Türkiyənin məşhur “Haber Global” televiziya kanalına verdiyi müsahibə zamanı Moskva şəhərində razılaşma nəticəsində əldə olunan Humanitar atəşkəs rejiminə Ermənistan tərəfindən riayət olunmadığını, əksinə atəşkəs zamanı Gəncə şəhərində mülki əhalinin təcavüzkar tərəfindən vəhşi atəşə məruz qaldığını bildirmişdir. Cənab Prezident qeyd etmişdir ki, Moskva şəhərində baş tutmuş son danışıqların nəticələri Azərbaycanın xeyrinədir. Danışıqların nəticələri kimi imzalanmış bəyannaməyə görə münaqişənin həlli üzrə baza prinsipləri mütləq olaraq nəzərə alınmalıdır. Bu prinsiplər isə Azərbaycanın maraqlarına cavab verir. Odur ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxmalıdır. Danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır.

Cənab Prezident qeyd etmişdir ki, münaqişənin siyasi yolla həll edilməsində Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədirlər. Odur ki, Türkiyə bu problemin həllində iştirak etməlidir.

Cənab Prezident erməni diasporuna qarşı aparılan mübarizənin əhəmiyyətini qeyd edərək bildirilmişdir ki, uzun illərdir Azərbaycan xaricdəki erməni diasporunun yaydığı qara təbliğatla üzləşir və məqsəd Azərbaycanı ləkələmək və erməni işğalına bəraət qazandırmaqdır. Dünya KİV-lərinə təsir edən erməni diaspor təşkilatları 27 sentyabr təxribatları başlayan andan Azərbaycana qarşı çirkin təbliğat kompaniyası aparırlar. Cənab Prezident real vəziyyətlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırdığı üçün türk mətbuatına öz minnətdarlığını bildirmişdir.

Cənab Prezident bildirmişdir ki, Ordumuz doğma torpaqlarımızın işğaldan azadetmə missiyasını uğurla davam etdirir. Azərbaycan xalqı öz haqq müharibəsini aparır. Torpaqlarımızın azad olunmasında israrlıyıq və bu missiyadan xalqımızı heç kəs döndərə bilməz".

BAKU.WS