SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında növbəti Uşaq festivalı təşkil olunub.

BAKU.WS xəbər verir ki, Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilib. Festivalda Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri, internat məktəblərinin şagirdləri də iştirak edib.

Azyaşlılar “face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, DJ, karaoke meydançalarında maraqlı anlar yaşayıb, sirk nömrələri izləyib, animatorlarla əyləniblər. Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkib, avtomobilsevərlər isə ralli meydançasında maşın sürüblər.

Mərkəzin parkında heyvansevərlər də müxtəlif macəralar yaşayıblar. Balacalar, həmçinin “Toplan” sahibsiz itlərə Qayğı Mərkəzinin viktorinasında iştirak imkanı qazanıblar.

Əyləncəli və maarifləndirici zonalar “Studyland” uşaq inkişaf mərkəzi, “Creative TK Kids” uşaq mərkəzi, “Sevimli bala” elm mərkəzi, “EkoSfera” sosial-ekoloji Mərkəzi, “Megafun” əyləncə mərkəzi, “Bolşoy Prazdnik” ticarət evi, “Tusi Bohm Planitarium”un dəstəyi ilə yaradılıb. Bakı Kitab Mərkəzi və “3 alma” uşaq ədəbiyyatı nəşriyyatı isə mütaliə zonaları təşkil edib. 

Mərkəzin parkında “İnnoFest kəndi” də fəaliyyət göstərib. Bu zona Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya Festivalı” (“İnnoFest”) çərçivəsində təşkil olunub.

Bayram münasibəti ilə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdlərinə Heydər Əliyev Fondu tərəfindən hədiyyələr verilib.
BAKU.WS
QALEREYA