Azərbaycan kino aktyoru, drammaturq, rejissor, aparıcı Kamran Ağabalayev ilə müsahibəni təqdim edir.

Müsahibələrinin birində öz kultunu yaradacağını demisən. Kamran Ağabalayevin kultu nədir?

- Mən bir kəlmə dedim ki, Adolf Hitleri sevirəm, aləm dəydi bir-birinə. Niyə mən Hitleri sevə bilmərəm? Ola bilər ki, o qaniçən olub, amma onu yalnız o tərəfdən tanımaq nə qədər düzgündür? Kulta gəldikdə isə heç bir kult yaratmaq fikrim yoxdur. İnsanlar düşündüklərini deyə bilsələr kult yaratmağa ehtiyac da qalmaz. 

Deyirsən insan özünü sevməlidir, özünü sevən insanın özünü sübuta ehtiyacı var?

- Ən böyük biclik düzgün danışmaqdır. İnsan özünü mənfiləri, pis vərdişləri ilə sevməlidir. Hər kəs bilir ki, mən özümü sevirəm. Mən eqoistəm, ola bilər. Sadəcə mesaj ötürmək istəyirəm ki, hər kəs özünü sevsin. Həmin vaxt beynin sənin nə etməli olduğunu deyəcək. Heç bir halda heç kimin fikri mənim üçün önəmli deyil. Hər kəs səhv edə bilər. Əsas odur ki məğlub olmayasan. Mən 30 yaşıma qədər səhvlərimdən nəticə çıxarırdım. Lakin 9 ildir ki, mən məğlubiyyətin nə olduğunu bimirəm. 


Bəlkə, olduğunuz sferada rəqabət yoxdur?

-Əgər, rəqabət yoxdursa, boşluq varsa, bu çox pisdir. Bəzən insanlar düşünür ki, Barselona eyni mövqeyə iki oyunçu alır. Anlamırlar ki, o iki oyunçu öz aralarında rəqabətə başlayacaq. Və özləri də bilmədən bir-birlərini güclü edəcəklər.

- Müsahibələrinizdə aktyorluq bacarığınızdan istifadə edirsiniz?

-Aktyorluğa ehtiyac yoxdur axı. Aktyorluq resursdur. Mən bu sahə üzrə təhsil almışam ki, bu resursu doldurum. Mən müsahibə zamanı o resursdan istifadə etmərəm. Çünki siz mənə qonorar vermirsiniz. Amma Setə çıxdığım vaxt isə bu mənim qazanc mənbəyimdir. Resurslarımı sizə vermək kimi bir fikrim yoxdur. 

- Ruslarda maraqlı bir tendensiya yaranıb, istedadlı gənclər daha da məşhur olmaq üçün Amerikaya üz tuturlar. Və orda günü milyon dollara işləyən gənc istedadlar var. Bir də Rusiyada olan şöhrətlərindən və pullarından imtina edib hosteldə yaşayıb Amerikada özlərinə bir iş qurmağa çalışırlar. Bizim kimi cəmiyyətdə o qədər güclü olmaq mümkündür?

-Sizinlə görüşə gəlməzdən 1 saat əvvəl mənə Neftlix-dən təklif gəldi. Təklifi türklər edib. “La casa De Papel” serialının Türkiyə versiyası çəkilir. Yəni, dünyanın 10 ölkəsində filmə çəkilmişəm. Bizim elə “underground” filmlərimiz var ki, dünyaya da çıxır. 

- Rüfət Həsənovun “İçmizdəki ada” filmində siz də çəkilmisiniz? Gözləntiləriniz nədir?

-Film hələ ki, montaj mərhələsindədir. A kateqoriyalı film festivallarında yer alacağını gözləyirəm. Onu deyim ki, bu film mənim üçün böyük təcrübə oldu. Mən filmin ikinci rejissoru  və icraçı prodüsserindən biriydim. Mənə maraqlı idi ki, çox kiçik büdcə ilə çox böyük film çəkmək olarmı? Bizim filmdə hardasa. 70-ə yaxın aktyor oynuyur və 80-ə yaxın məkanda çəkliş olub. Məkanlardan biri Neftçaladan 42 kilometr uzaqlıqda yerləşən Kürkosa adasıdır. Ora gəmi ilə gedirsən. Adada tək bir insan yaşıyır. Orda da çəkmişik, nefçalada da olub çəklişlər. Dron yox, bildiyiniz helikopter çəklişlərimiz də olub. İndi mesaj ötürürəm ki, az büdcə ilə yaxşı film çəkmək olar. 


- Kamran Ağabalayev üçün xəyanət sözü nə ifadə edir?

- Xəyanət anlayışı?.. (susur). Baxır kim necə başa düşür xəyanəti. 30 yaşında  bu suala tamam başqa cavab verəcəkdim, 20 yaşımda tamamilə ayrı. "Sovetski"də yaşadığım dövrdə isə heç bilmirəm nə deyərdim. Bu gün artıq o etapı keçdiyimi düşünürəm. İndiki halımda xəyanət yalnız ruhən ola bilər. Ya sənin ruhun mənimdir, ya da deyil. Bir də öz fikirlərinə xəyanət edənlər var. Bu gün oturub, danışır sənə ki, belə edəcəm, elə edəcəm amma iki gün sonra dediyi hər şeyi unudur. İki boksçudan hər zaman zərbəni vuran yox, zərbəni qəbul edən və ayağa qalxa bilən uğur qazanır. Ron Xovardın “Cindrella Man” filmi bu dediklərimə nümunədir. Hər kəsə filmi izləməyi tövsiyyə edirəm. 

 - Azərbaycanda və xarici filmlərin setlərində olmusunuz... Fərq varmı? 

-Uzağa getməyək. Türkiyədə “Kardeşim benim 2” filminin çəklişlərində ikinci gün idi. Rejissor mənə yaxınlaşdı ki, hər şeydən razısan? Dedim ki, yox. Dedim 1 saata mən yemək seçirəm. Stolun üzərində o qədər yemək çeşidi var ki, mən bilmirəm nə yeyim. 100 metr təsəvvür et ki, ancaq dondurmadır. Azərbaycanda da film setlərində rahat olur. Amma kommersiya məqsədi ilə çəkilən filmlərdə hər şeyi çalışırlar tez-tez etsinlər.

- Türkiyə müasir dövrdə film sənayesində çox irəliləyib. Kommersiya məqsədi ilə komediya filmləri çəkməyə başladılar və əldə etdikləri gəliri festival filmlərinə də ayırdılar. Hazırda bizdə də kommersiya məqsədi ilə komediya filmləri çəkilir. Qardaş Türkiyənin bu təcrübə modeli bizdə tətbiq oluna bilərmi? 

-Şahan Gökbakar Türkiyədə bunu dedi. Dedi ki, məni niyə bəyənmirsiniz ki, mənim verdiyim vergilərin hesabına Nuri Bilgə Ceylan festivala getdi. Bizdə isə bu cür adamlar yoxdur. Şahan Gökbakar Türkiyənin adını Kann festivalında hallanmağını istəyir. O potriotdur. Bizdə elə bir şəxs yoxdu ki, istedadlı şəxslərə desin ki, mən bu filmlə yaxşı pul qazandım. Gəl. Sənə kömək edim sən də festival üçün, Azərbaycanın adı üçün film çək. Bunu etmək üçün gərək Azərbaycanı sevəsən, filmi sevəsən. Bu insanlar əməlləri ilə yalnız pul qazanmaq istədiklərini göstərirlər. 

- Gürcüstan filmi deyə bir anlayış var və bütün dünya artıq bunu qəbul edib. Azərbaycanın öz mədəniyyətini yaratmaq və dünyaya çıxmaq üçün bəlkə də gürcülərdən daha çox potensialı var. Bu boşluğun səbəbini nədə görürüsünüz? 


-Heç nə yox, gürcülərin geyim tərzi belə fərqlidir. Onlar geniş düşünə bilir. Mən düşünürəm ki, biz geniş düşünə bilmirik. Deyəndə ki, Gürcüstan filmi Kann, Berlin kimi kinofestivala düşüb, biz təəccüblənmirik. Azərbaycan filmi deyilən bir anlayış hələ formalaşmayıb. Amma Elvin Adıgözəl, Rüfət Həsənov, Arzuman Mirzəsoy kimi rejissorlarımıza ümid var. Bir şey də var ki, onlar “Azərbaycan filmi” məfhumunu dünyaya çıxaracaq, ya sadəcə özləri çıxa biləcək onu bilmirəm. Gürcü öz probleminin, özünün üzərindən film çəkir. Biz Azərbaycan problemindən danışmırıq filmlərimizdə. Bizim göstərdiyimiz odur ki. Filankəs filankəsə xəyanət etdi. Bunu da üçüncü tərəf bildi. Bu dünyaya niyə maraqlı olsun ki? Hər yerdə olan bir mövzudur. Çox uzağa getməyək, Şota Rustavelinin “Pələng dərisi geyinmiş qəhrəman” əsərini bütün dünya tanıyır. Halbuki, mən elə bir əsəri 4-cü sinifdə oxuyanda yaza bilərdim. Bizim o boyda dastanımız var. Biz özümüzü yaxşı reklam da edə bilmirik. Başa düşmək lazımdır ki, material bizdədir. Şəhriyar İmanov tarla artıq dünyada məşhurlaşıb. Azərbaycan 10 milyon oldu amma,  soruş, Azərbaycanın bir faizi onu tanıyır?  

- Nursultan Nazarbayev Qazaxıstanda film sənayesinə pul ayırıb və Hollivuddan ulduzlar dəvət edib, Qazaxıstanın tarixi ilə bağlı filmlər çəkib. Bizdə niyə tarixi filmlərə maraq azdır və az çəkilir?

-Nursultan “Köçəri” filmini çəkmək üçün Mark Dakaskosu dəvət etdi. Mark Dakaskos indi Holivudda “Ə kateqoriya”lı aktyordur. Biz hansı tariximizi qabardacağıq? Hansı tarixi hadisəni çəkə bilərik?

- Niyə ki, bizim Şah İsmayıl Xətai kimi güclü bir şəxsiyyətimiz var. Bu film mövzusu ola bilməz? 

-Mən Şah İsmayıl Xətaini sevmirəm. Bu çox adamı qıcıqlandıra bilər. Hamı deyir bu adam igid olub, qəhrəman olub.  Əgər sənə yaxınlaşıb deyirlərsə, sənin qarşında odlu silahlı ordu var. Ona görə də, gəl gecə hücum edək. Bəlkə, bu cür qalib gələ bilərik. Şah İsmayıl Xətai də cavab verir ki, “mən karvanbasar quldur deyiləm”. Və onun eqosuna görə, minlərlə insan öldü. Bunu necə qəhrəmanlıq adlandırmaq olar? Demirlər ki, bu insan çox mükəmməl siyasətçi olub? Gəlin, əlimizi ürəyimizin üstünə qoyub, cavab verək. Burda mükəmməl siyasət hardadır?

- Niyə “Ədəbiniyyət”, sizcə səsləndirdiyiniz şeirlərin niyyəti ədəbidir?

- Düşünürəm ədəbidir. Niyə də yox. Mən niyə şeir səsləndirdiyimin səbəbini hər zaman deyirəm. “Ağacdələn” fimi bitəndən sonra mən düşündüm ki, filmin ikinci hissəsini də işləyəcəm. Birinci hissədə aktyorlar mənə çox kömək oldular. İkinci film istədim ki, Ağacdələnin üzərində qurulsun, yəni mənim.  Kamran Ağabalayevi kim tanıyır? Heç kim. Balaca bir kütlə. Azərbaycan xalqı nəyi sevir? Şeiri. Düşündüm ki, bəlkə bir şeir deyim. İlk dəfə şeiri “994 Fm” də səsləndirdim. Gördüm ki, video çox marağa səbəb oldu. Mənim çox güclü ədəbiyyat müəllimim olub. 190 nömrəli məktəbdə Ramizə müəllim. Sırf filmin piyarı üçün şeir deməyə başladım.
 
- Yaxşı yerə gəldik. Həmid Həmidovla müsahibənizdə Azərbaycan dilini yaxşı öyrənmək üçün Nizami Gəncəvinin əsərlərini oxumağı məsləhət görürsünüz...

-Bununla bağlı mən Həmidin özü ilə də söhbət etmişəm. Nizami Gəncəvinin Azərbaycan dilində əsərləri var. Eyni sualı mənə vermişdilər. Mən onlara sübut etdim.

- Olar mənə də sübut edəsiniz? Nizaminin türk dilində əsərin adını deyə bilərsənizmi?

-Mən Həmidə o əsərin linkini göndərmişdim. Sənə də göndərəcəm. Həmid özü də mənimlə razıdır. Nizami Gəncəvinin ən azı iki-üç əsəri Azərbaycan dilindədir. Daha dəqiq əsər yox, şeirlərini.

Mən hələ də linki gözləyirəm... 

Lalə Ramizqızı
BAKU.WS