VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 3-də Budapeştdə Azərbaycan Macarıstan Gənclər Birliyi (AHYU) və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin birgə təşəbbüsü və səfirliyin bilavasitə iştirakı ilə Dunayvaroş Universitetinin kitabxanasında Azərbaycan guşəsi açılıb.

Azərbaycan guşəsində səfirliyin müraciəti əsasında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetindən əldə edilərək Dunayvaroş Universitetinə azərbaycanlı müəlliflərin Azərbaycan və xarici dillərdə müxtəlif sahələr üzrə 200-ə yaxın tədris vəsaiti və digər kitablar hədiyyə edilib. Guşədə Azərbaycan mədəniyyəti, incəsənəti, mətbəxi, turizm potensialı, o cümlədən Azərbaycanın dilbər guşəsi Qarabağın və digər bölgələrimizin görməli yerləri və Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə dair kitablar nümayiş olunacaq.

Tədbiri giriş sözü ilə Dunayvaroş Universitetinin təhsil və ümumi məsələlər üzrə prorektoru Monika Rayçani-Molnar açaraq, bu ali məktəbin kitabxanasında Azərbaycan guşəsinin yaradılmasının universitet üçün əlamətdar hadisə olduğunu vurğulayıb. Prorektor iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığa toxunaraq, təmsil etdiyi universitetin Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dövlət Aqrar Universiteti ilə tələbə və müəllim mübadiləsi sahəsində əməkdaşlıq etdiyini məmnunluqla bildirib.

Sonra çıxış edən səfir Vilayət Quliyev guşənin yaradılmasının əhəmiyyətini qeyd edərək, bu kimi layihələrin elm sahəsində əməkdaşlığa töhfə verdiyini diqqətə çatdırıb. O, Dunayvaroş Universiteti, habelə Macarıstanın digər ali təhsil müəssisələri ilə Azərbaycan Respublikasının səfirliyi arasında səmərəli əməkdaşlıq qurulduğunu bildirərək, bu istiqamətdə səylərin davam etdiriləcəyini söyləyib. Həmçinin V.Quliyev gələcəkdə qarşılıqlı əsasda yaradılacaq belə kitab guşələrində nümayiş olunacaq kitabların iki ölkənin tanınmasında mühüm rol oynayacağını bildirib. Bununla yanaşı, səfir bu prosesdə iki ölkənin tələbələrinin fəal iştirakının önəmli olduğunu qeyd edib.

Daha sonra AHYU-nun nümayəndəsi Murad Aslanlı təqdimatla çıxış edərək, təmsil etdiyi təşkilatın fəaliyyəti barədə danışıb və ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, habelə multikulturalizm mövzusunda Azərbaycanda keçirilən bir sıra beynəlxalq əhəmiyyətli tədbirlər haqqında ətraflı məlumat verib.

Çıxışlardan sonra Azərbaycan Respublikasının səfirliyi və Dunayvaroş Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Daha sonra kitabxanada yaradılmış Azərbaycan kitab guşəsinin, habelə kitabxanada və universitetin əsas binasının foyesində “Azərbaycan kitab guşəsi” lövhələrinin açılışı olub.

Tədbirin sonunda səfir V.Quliyev yerli media nümayəndələrinə müsahibə verib.
BAKU.WS
VİDEO

QALEREYA