SİZİN REKLAM BURADA!
055 213 76 73



XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisinin açılışı olub.

BAKU.WS-in məlumatına görə, “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın Azərbaycan və xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlər nümayiş olunub. Sərgi vasitəsilə bir çox əsərlər ictimaiyyətə ilk dəfə təqdim edilib.

Fərəh Ələkbərli

Sərginin kuratoru Fərəh Ələkbərli məlumat verib ki, sərgi 50-dən çox əsər ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edir və bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.

Bildirilib ki, sərgidə Əşrəf Muradın Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Azərbaycan Rəssamlar İttifaqında, Müasir İncəsənət Muzeyində, “Nar” qalereyasında, eləcə də Fərhad Əhmədovun, Fərhad Xəlilovun, Rəşad Babayevin, Elçin Səfərovun, Xəyyam Mirzəzadənin kolleksiyalarında yer almış əsərləri və Ramiz Abutalıbovun, Rafael Gülməmmədovun və Vüqar Muradovun arxivlərindən əldə edilmiş materialları nümayiş olunur.


Əşrəf Muradın 1950-ci illərin sonlarından başlayaraq ömrünün sonunadək yaratdığı əsərləri özündə cəmləşdirən ekspozisiya, sənətkarı möhtəşəm realist rəssam və dövrünün siyasi mühitinin həssas təfsirçisi kimi təqdim edir.

Rəssamın parlaq palitrası tünd, kompozisiyaları isə lakonik, monumental, ümumiləşdirilmiş və kətanın ölçülərinə görə hiperbolik olub. Əsasən iki janr – portret və natürmort üzərində işləyən rəssamın kompozisiyaları yüksək daxili gərginlik hissi, sirr qalan mistik qüvvə və dəhşətli soyuqluq təəssüratı yaradırlar. XX əsrin ən aparıcı Azərbaycan rəssamlarından olan Əşrəf Murad incəsənətin inkişafına əvəzsiz töhfələr verib və növbəti nəsil rəssamlar üçün əsl ilham mənbəyinə çevrilib.

İyunun 16-dək davam edəcək sərgi martın 16-dan ictimaiyyət üçün açıq olacaq.

BAKU.WS