SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın məşhur teatr və kino aktyoru, Xalq artisti Telman Adıgözəlovun anım günüdür.

BAKU.WS xəbər verir ki, aktyorun vəfatından artıq 13 il ötür. 

Telman Abbasqulu oğlu Adıgözəlov 1953-cü il iyulun 17-də Balakəndə anadan olub. Əslən ordubadlıdır. O, orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib.

O, 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. 

Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə müxtəlif rollar canlandırıb. 

Telman Adıgözəlov 2000-ci ilin oktyabrında Əməkdar artist, 2006-cı ilin mayında isə Xalq artisti fəxri adlarına alayiq görülüb. 

"Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Yol əhvalatı", "Yarımştat" və s. ekran işlərində çəkilən T.Adıgözəlov 2010-cu il aprelin 15-də ürək çatışmazlığından dünyasını dəyişib. Mərhum Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xalq artistinin Bir qızı və bir oğlu var.

BAKU.WS