SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. 

BAKU.WS xəbər verir ki, yazıçının 85 yaşı tamam olur.

Anar Rzayev 1938-ci ildə şair Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində dünyaya gəlib.

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib.

1991-ci ilin martında Yazıçıların IX Qurultayında Anar Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib.

O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə ölkəmizin ən yüksək mükafatı, İstiqlal ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısıdır (1998).

Anar yaradıcılıq fəaliyyətinə yeniyetməlik yaşlarından başlayıb. 1960-cı ildə "Azərbaycan" jurnalının dekabr nömrəsində çap olunmuş "Keçən ilin son gecəsi" və "Bayram həsrətində" ilk mətbu hekayələridir.

Onun müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.

Anar 11 bədii filmin - "Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qoqud" - ilk iki hissəli Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü", "Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə", "Təhminə", "Otel otağı", bir neçə sənədli və televiziya filminin - "Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə-Yeni Gəncə", "Bu-Səttar Bəhlulzadədir", "Bu-Javaddır", "Dindirir əsr bizi", "Evləri köndələn yar"ın ssenari müəllifidir.

Anarın şeirlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.

Şekspirin "Fırtına", B.Brextin "Qalileo Qaliley" pyeslərini, R.Taqorun "Bağban" mənsur şerlərini, A.Blokun, V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şeirlərini dilimizə çevirib.

O, 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türkdilli Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.

Qeyd edək ki, 26 oktyabr 2022-ci ildə AYB-nin 13-cü Qurultayında yenidən sədr seçilib.

BAKU.WS