SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, şair-qəzəlxan Əliağa Vahidin doğum günüdür.

BAKU.WS xəbər verir ki, Ə.Vahid, fevral ayının 17-i 1895-ci ildə dünyaya gəlib. 

O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı "Məcməüş-şüəra" ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun "Tamahın nəticəsi" adlı ilk kitabı nəşr olunub.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir: “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s. yazıb, “Kommunist” qəzetində, “Molla Nəsrəddin” jurnalında əməkdaşlıq edib.

“Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə (“Döyüş qəzəlləri”, 1943; “Qəzəllər”, 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

BAKU.WS