SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Xalq artisti Ramiz Əzizbəyli dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bir çox yerli məşhurlar sənətkarın vəfatı ilə bağlı paylaşımlar ediblər.

Xalq artisti Flora Kərimova “Instagram” hesabında kinorejissorun fotosunu paylaşaraq bunları yazıb: “Ruhunuz şad olsun, Ramiz bəy! Axirətiniz əzabsız, nurlu olsun. O dünyada Tanrının kölgəsi üzərinizdə olsun. Allah rəhmət etsin”.

Aparıcı Elgiz Əkbər də Xalq artistinin dünyasını dəyişməsi ilə bağlı paylaşım edənlər arasındadır. “Allah rəhmət etsin, gözəl insan, dəyərli sənətkar. Koronavirus kabusu nə vaxta qədər can almaqda davam edəcək? Yaradan özü bu milləti qorusun”, - sözlərini yazan aparıcı aktyorun vəfatı ilə bağlı dərin hüzün keçirdiyini bildirib.

Müğənni Nadir Qafarzadə də Ramiz Əzizbəyli ilə bağlı paylaşım edib. O, “Instagram”da Xalq artistinin fotosunu yayımlayaraq bunları yazıb: “Allah rəhmət etsin, sənətkar! Məkanın cənnət, ruhun şad olsun!”

Əməkdar artist Mehriban Xanlarova da Ramiz Əzizbəylinin vəfatı ilə bağlı paylaşım edərək kədərini ifadə edib: “Mənim üçün çox ağır itki oldu. Sağlığında tez-tez ziyarətinə gedib dərdləşirdik. Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!”

Xalq artisti Firəngiz Mütəllimova da Xalq artisti ilə bağlı paylaşım edib. O, “Instagram” hesabında Ramiz Əzizbəylinin fotosunu yayımlayaraq bunları yazıb:

“Allah sənə rəhmət eləsin, Ramiz. Üzü gülər, zarafatcıl, sədaqətli, istedadlı sənətkarımızı itirdik... Vəfasız dünya. Təxminən 3 ay əvvəl səninlə telefonda danışdıq. Söz verdim sənə, pandemiya bitənə qədər görüşəcəkdik. Allah bilən məsləhətdi. Məkanın cənnət olsun, əziz dost”.

Qeyd edək ki, Ramiz Əzizbəyli bu gün “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

BAKU.WS
QALEREYA