VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Tarixi əhəmiyyətinə görə Gəncənin memarlıq abidələrindən fərqlənməyən tikililərdən biri də şəhər sakinləri və turistlərin butulkalı ev kimi tanıdığı yaşayış binasıdır. Gəncə şəhər sakini İbrahim Cəfərov bu evi 1966-1967-ci illərdə qardaşı Yusifin xatirəsini əbədiləşdirmək üçün tikib. İyirmi altı yaşlı Yusif Cəfərov Böyük Vətən Müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə iştirak edib və itkin düşüb.

İxtisasca mühəndis olan və şəhər körpü-tikinti idarəsində işləyən İbrahim Cəfərov böyük zəhmət hesabına olsa da, həm doğma qardaşının xatirəsini əbədiləşdirib, həm də hər kəsin marağına səbəb ola biləcək yaşayış binası tikib. Binanın birinci mərtəbəsi 1952-ci ildə çay daşı və bişmiş qırmızı kərpicdən inşa olunub. Lakin, mühəndis ikinci mərtəbənin inşasında yeknəsəkliyi pozaraq, qeyri-ənənəvi tikinti materiallarından istifadə etməklə, insanların memarlıq zövqünü oxşayan və şəhərin bütün yaşayış tikililərindən fərqlənən bənzərsiz sənət əsəri yaradıb.
 
Belə ki, İbrahim Cəfərov evin ikinci mərtəbəsinin inşasında 43 min 800 ədəd müxtəlif ölçülü və rəngli butulkadan, Qara dəniz sahillərindən toplanılan balıqqulaqlarından, Ukraynanın Soçi şəhərindən gətirilən xırda rəngli daşlardan, əlvan şüşələrdən, kiçik güzgülərdən və binanın tavanına çəkilmiş rəsm əsərlərindən istifadə edib. Tikilinin bayırdan divarlarına və eyvanın tavanına vurulan müxtəlif rəsmlər, eləcə də İbrahimin və qardaşı Yusifin əsgər geyimində olan portretləri vaxtilə həmin məhəllədə yaşayan rəssam Nazim Məmmədov tərəfindən çəkilib.
 
Binanın arxa divarına butulkalarla işlənən "Moskva 80” yazısı göstərir ki, memar butulkalı evin ikinci mərtəbəsinə sonradan bir sıra əlavə və yeniliklər edib. Belə ki, 1980-ci ildə SSRİ-nin paytaxtında keçirilən Olimpiya Oyununun tarixi, həmçinin yarışlarda beş qitənin rəmzi sayılan halqalar butulkalı evin çöl divarına həkk edilib. Binanın bayır tərəfdən divarlarına butulka və rəngli daşlardan rusca "Vətənin naməlum əsgərinə eşq olsun!” (Слава вечная за неизвестого солдата), tavana "İbrahimdən hədiyyə” (Подарок от Ибрагима), "416-cı Toqanroq Diviziyasına eşq olsun – Berlin” (Вечная слава 416-ой Дивизии Тоганрог – Берлин) sözləri yazılıb.

Butulkalı evin memarlığında diqqətçəkən məqamlardan biri də odur ki, memar tərəfindən fasadın yuxarısında, arxa və yan divarlarında butulkalarla Gəncə sözü işlənib. Məlum olduğu kimi, Gəncə şəhərinin adı 1935–ci ildə sovet hökuməti tərəfindən dəyişdirilərək sosialist inqilabçısı Sergey Mironoviç Kirovun şərəfinə Kirovabad adlandırılıb. Şəhərin tarixi adı isə yalnız 1989-cu ildə özünə qaytarılıb.
 
BAKU.WS