VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Mənim özümə aid həyatım olmayıb. Dünyaya gələndə valideynlərim atıb. Uşaq evində böyüməyin nə demək olduğunu bilirsiniz? 2008-ci ilə qədər uşaq evində kimsəsiz, anasız, atasız yaşamışam. Başımıza bir sığal çəkən olmurdu. Sonra bir ailə məni övladlığa götürdü.

Təsəvvür edirsiniz, bu, uşaq evində yaşayanlar üçün nə deməkdir?! Bir isti qucaq, dilində ana, ata sözü... Amma mən bilmədim ki, başıma bunlar gələcək. Bilsəydim, yenə o soyuq divarlar arasında bir sığala möhtac yaşamağa davam edərdim”.

BAKU.WS xəbər verir ki, bunu “oxu.az”ın müxbiri ilə söhbətində 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 29 yaşlı Bayramova Sevinc Bayraməli qızı deyib.

Məhbus Bayramova Sevinc Bayraməli qızı 1990-cı il aprelin 1-i Lənkəranda doğulub. Ailəsi olmadığını deyən Sevinc uşaq evində böyüyüb boya-başa çatıb. Çox çətin günlər yaşadığını deyən məhbus qadın dünyaya gələndən heç kimə lazım olmadığının səbəbini tapa bilmədiyini dilə gətirir:

“2008-ci ildə yeni ailəmlə uşaq evindən ayrıldım. Onlarla gedəndə 18 yaşım var idi. 2011-ci ildə problemli şəkildə ayrıldım. Sonra məni polis vasitəsilə axtarıb tapdılar”.

Danışdıqca cümlələri yarıda kəsirdi. Demək istəyib, amma demədiklərinin olduğu aydın başa düşülürdü. Evdən nə üçün getdiyini soruşanda gərgin şəkildə gözlərini bizə zilləyib, “təcavüz” dedi:

“O ailədə mənə təcavüz etməyə cəhd edirdilər. Heç bir şey baş verməmiş mən o ailədən qaçmağa qərar verdim. Qadın bilirdi, məni sıxışdırır, narahat edirdi. Amma qorxusundan heç nə deyə bilmirdi. Polislər məni tapanda nə üçün evdən getdiyimi soruşdular.

Mən izahatımda yazdım ki, evdə mənə qarşı təcavüz etməyə cəhd ediblər. Amma heç cür sübut edə bilmədim. Qadın danışmaq istəyirdi, amma kişi qoymurdu. Elə orada polislərə onlarla yaşamaq istəmədiyimi dedim. Mağazalardan birində iş tapıb başımı dolandırmağa başladım”.

“Narkomana aşiq oldum, o öldü, qurtuldu, mən isə...”

Sevinc deyir ki, 2012-ci ildə bir nəfərlə tanış olub. Bir-birilərini sevsələr də, rəsmi nikaha girməyiblər. Onun narkoman olduğunu isə sonradan öyrənib:

“23 yaşımda rus millətindən olan Saşa adlı bir oğlanla tanış oldum. Bir-birimizi sevdik. Birlikdə yaşamağa başladıq. Mən onun narkoman olduğunu çox gec öyrəndim. Mənə də istifadə etməyi təklif edirdi. Bir müddət sonra bildim ki, hamiləyəm.

Ondan bir oğlum dünyaya gəldi. Mən özüm də narkotik istifadə edirdim. Amma atmağa çalışırdım. 2014-cü ildə Saşa dozadan artıq narkotik qəbulundan öldü. Məni də kirayə qaldığımız ünvandan çıxardılar. Bir müddət müvəqqəti sığınacaqlarda yaşadım. Sonra isə oğlumu itirdim”.

Bir anlıq sükut çökdü. Başını masanın üzərinə qoyaraq, “mən öldürmədim, mən etmədim” deyə mızıldandı. Əvvəl nə baş verdiyini başa düşməsəm də, sonra başa düşdüm ki, oğlunun öldüyü gün ilə bağlı məqamları xatırlamağa çalışır. Onun oğlunu yastıqla boğub qətlə yetirdiyi məlum olsa da, o hələ də bu cinayəti törətmədiyini deyirdi:

İki yaşlı Məhəmməd dekabrın 25-də səhər saatlarında Lənkəran rayonunun Dugah kəndində öldürülüb.

“Mən oğlumu öldürmədim...”

“Saşa öləndən sonra məni evdən çıxardılar. Saşanın dostu bizə başqa kirayə ev tapmaqda kömək oldu. Bir gün Saşanın dostu bizə gəldi. Mən evin pulunu gecikdirmişdim. Uşağı otaqda qoyub yuxarı qalxdım ki, ev sahibindən ayın axırına qədər bizə möhlət verməsini xahiş edim.

Yuxarı qalxanda gördüm ki, internet üzərindən kiminləsə danışırlar. Yaxınlaşıb sözümü demək istəyirdim ki, oğlanın səsinə düşdüm aşağı. Gördüm ki, oğlum Məhəmməd hərəkətsiz vəziyyətdə çarpayıda yatır. Heç nə başa düşmədim.

Gözümlə görməmişəm kim edib, heç nə deyə bilmirəm, amma mən etmədim. Hadisədən altı ay qabaq mən narkotik istifadəsini atmışdım. Amma dedilər ki, sən boğmusan. Polislər mənə dedi ki, uşağı boğub öldürmüsən”.

Sevinc iddia edir ki, kirayə qaldığı evin sahibi və qızı ona şahidlik etsələr də, bu heç nəyi dəyişməyib. Ona bu cinayətdən 14 il hökm oxunub. 4 il 6 aydır həbsdə olan Sevincin həyatının hələ 9 il 6 ayı da barmaqlıqlar arasında keçəcək. Sevinc hadisənin narkotik vasitənin təsiri altında baş verə biləcəyini, bu səbəbdən də heç nəyi xatırlaya bilməməməsinə dair ehtimal vermir.

Bütün bunlar məhbusun öz dilindən cinayət barədə danışdıqlarıdır. Lənkəran Rayon Prokurorluğu tərəfindən aparılan araşdırma zamanı ortaya çıxan təfərrüat isə bir qədər fərqlidir:

Məlumata görə, hadisəni törətmiş 24 yaşlı Sevinc Bayraməli qızı Bayramovanın Lənkəranın Digah kəndində kirayədə yaşadığı evin sahibəsi Xalidə Əliyeva bildirib ki, onun kirayənişini həyətdəki yardımçı yay mənzilində məskunlaşıb.

Ötən müddətdə S.Bayramovanın uşağına etinasız münasibət bəsləməsi ev sahibinin gözündən yayınmayıb və bununla əlaqədar dəfələrlə ona öyüd-nəsihət verib. X.Əliyeva deyib ki, Sevinc Bayramova uşağını yastıqla boğaraq öldürdüyünü etiraf edib:

“Dedi ki, yastıqla boğub, sərbəst yaşamaq istəyir. Daha yalan deyib, doğru deyib, bilmirəm. İki aya yaxındır, burdadır. Mən belə şey görməmişəm”.

Məlumatda o da qeyd olunub ki, Sevinc Bayramova uşaq evində böyüyərək tərbiyə olunub. Bir neçə il bundan əvvəl rus millətindən olan oğlanla ailə həyatı qurub. Ondan bir övladı dünyaya gəlib. Yarım il öncə həyat yoldaşı vəfat etdikdən sonra S.Bayramova yaşadığı mənzildən çıxarılıb. Bir müddət müvəqqəti sığınacaqlarda yaşayandan sonra Digah kəndində məskunlaşıb.

24 yaşlı Sevinc Bayraməli qızı Bayramova iki yaşlı oğlu Məhəmmədi halsız vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının pediatriya şöbəsinə çatdırıb. Xəstəyə baxış keçirən həkimlər uşaqda həyat əlamətinin olmadığını aşkarlayaraq, bu barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Ana uşağının qidadan boğularaq öldüyünü desə də, istintaq tədbirləri nəticəsində uşağın boğulub öldürüldüyü müəyyənləşdirilib. İstintaqa verdiyi ifadəsində qadın övladını boğaraq öldürdüyünü etiraf edib.

Sevinc Bayramova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Qatil ana övladını öldürməsinə səbəb kimi, uşağın ona sərbəst yaşamasına mane törətməsini göstərib.

BAKU.WS