SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İdman rəqsi üzrə paralimpiyaçı Vüsalə Kərimovanın "Qafqazinfo”ya müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.

- Son günlərdə hamı sizdən danışır. Bir neçə gün əvvəl Paralimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş tədbirdə etdiyiniz rəqs möhtəşəm idi...

- Doğrusu, bu cür reaksiya veriləcəyini və səs-küy yaradacağını gözləmirdim. 4 ildir ki, rəqslə məşğulam, amma heç bu qədər gündəmdə olmamışdım. Bu video rekord qırdı. Sosial şəbəkələrdə belə böyük müzakirə mövzusu idi. İnsanların xoşuna gəldi. Bu mənə çox gözəl hisslər bəxş etdi. 3 gündür ki, telefonum susmur. Zəng edib rəqsə görə təşəkkür edənlər var və sosial şəbəkələrdə dostluqların sayı bitmək bilmir. "Facebook”da o qədər dostluq gəlib ki, kimdən gəldiyinə baxmıram. Diqqət həddən yüksək oldu. Mən sadəcə bir idmançı olaraq təmsil etdiyim komitənin ad günündə borcumu yerinə yetirdim. İnanırsız ki, televiziyalar ard-arda zəng edir. Dəvət edirlər verilişlərə. Amma deyirəm ki,mən müğənni və ya ulduz deyiləm. Bir neçəsindən imtina etdim. Həmin videoya 2 saat ərzində 12 min baxış olmuşdu. İndi isə 20 mindən artıqdır. Həm də diqqət çəkən məqam məni ağ paltarda olmağımdır. Hamı elə bilir ki, öz toyumda oynayıram. Ona görə də çox marağa səbəb olur.

- Diqqətinizi nə cəlb etdi ki, idmana gəldiniz?

- 2012-ci ildə əlil arabasında idman rəqsini ilk dəfə izlədim. Maraqlı gəldi. Düşündüm ki, özümü burada sınaya bilərəm. Və başladım məşğul olmağa. Bu gün də vəziyyət gördüyünüz kimidir.

- Amma təkcə, idman rəqsi ilə məşğul deyilsiz. Paraşütdən tullanma və digərləri də var...

- Eşitmişdim ki, əlilliyi olan insanlar paraşütdən tullanma ilə də məşğul olurlar. İdmana gələndən sonra ona ümumiyyətlə marağım çoxaldı. Amma qəribə gəlirdi ki, əlilliyi olan insan necə bu riski gözə ala bilər. Moskvada Heydər Əliyevin 90 illiyinə həsr olunmuş layihə çərçivəsində 4 min metr yüksəklikdən paraşütlə tullandıq. Çox həyəcanlı oldu. Həm də arzumu reallaşdırdım.

- Güllə atıcılığı ilə də məşğul olduğunuzu eşitdik...

- Hə. Amma bu idman növündə təzəyəm. Yeni məşğul olmağa başlamışam. Həm də güllə atıcılığı paralimpiya oyunlarında var. İstərdim ki, mən də belə böyük turnirdə ölkəmizi təmsil edim. Hələ ki, məşq edirəm. Ümid edirəm uğurlarım olacaq.

- Həmçinin "ASAN” xidmətdə çalışırsınız? İdmanla məşğul olan insanların adətən başqa işlərə vaxtı qalmır...

- Doğrudur, çətindir. Amma mən vətəndaşlara bu sahədə xidmət etməyi sevirəm.

- Tanımadığınız insanlar idmançı olduğunuzu biləndə necə reaksiya verirlər. Təəccüblənirlər?

- İdmançı olduğumu biləndə qürur duyduqlarını, sevindiklərini dilə gətirirlər. Bilirsiz, cəmiyyət elə düşünür ki, əlliliyi olan insanlar həmişə evdə oturub, bir küncə qısılıb nə olacağını gözləməlidirlər. Amma, belə deyil. Aktiv olan əlillər isə cəmiyyətə sevinc bəxş edir. Bu bizə güc verir.

- Daha çox evdə oturmağı üstün tutan əlil insanları dəvət edirsinizmi idmana?

- Mənim ən böyük arzum tanıdığım bütün əlilləri idmana cəlb etməkdir. İstəyirəm ki, hamısı gəlib aktiv həyat yaşasınlar. İdman rəqsi bizim üçün həm də reabilitasiya növüdür. Həm fiziki hərəkət edirik, həm ruhumuz qidalanır. Bu ruh yüksəkliyi yaradır. Fikrimcə, bizim belə həyat yaşamağımızdan əlilliyi olmayan insanlar da qidalanır. Görəndə çox sevinirlər.

- Siz həm də Uşaq Paralimpiya Komitəsinin üzvüsünüz. Balacalar necə maraqlıdırlarmı idman rəqsinə və ya digər növlərə qoşulmaqda?

- Biz çalışırıq ki, onları bura cəlb edək. İstəyimiz odur ki, həmin uşaqları bura gətirək və onlara yüksək enerji verək. Bu onların gələcək həyatında rol oynayacaq. Əlil uşaqların idmanla məşğul olması onların cəmiyyətə inteqrasiyasını təmin edir.

- Moskvada ali təhsil alırsız?

- Moskva Dövlər Humanitar İqtisad Universitetində qiyabi təhsil alıram. Hüquq fakültəsində oxuyuram. "ASAN” xidmətdə işim sırf hüquqla bağlı olduğu üçün bu ixtisası seçmişəm.

- Nə vaxtsa əlil olmağınız sizə problem yaradıb?

- Mənə heç bir problem yaratmır. İnanırsız ki, özüm üçün çox xoşdur artıq bu vəziyyət.

- İdmana gələndə ailəniz sizə necə dəstək oldu?

- Mən travma almış insanam. Yəni anadangəlmə əlil deyiləm. Zədə nəticəsində bu vəziyyətə düşdüm. 15 yaşımda yıxıldım və sonra belə oldu. Bilirsiz, təzə-təzə müəyyən maneələr olur ki, onları aşmaq lazımdır. Biz əlillər arasında bunu ikinci həyat adlandırırıq. Yəni o çətinliklər ki var, onların öhdəsindən gəlmək lazımdır. Müəyyən dövrdə çox sıxılırsan. Yeni həyata köklənmə prosesi keçirsən və bu çətin keçir. Bu vaxt ailə mütləq dəstək olmalıdır. Sağ olsun ki, ailəm çox kömək oldu. Mənim idmana gəlməyimdə, cəmiyyətə inteqrasiya olmağımda onların rolu danılmazdır. Xüsusən, bir insanın rolunu vurğulamaq istərdim. Paralimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri və şöbə müdiri Kamal Məmmədova çox təşəkkür edirəm. Onun həyatımda rolu tamam başqadır. Mənim bugünki vəziyyətə gəlməyimin səbəbi odur. Onunla əlil olandan sonra tanış olmuşduq. O qədər şən insandır ki, bir çox əlillər ondan qida alır.

- "ASAN” xidmətə ilk dəfə işə gedəndə necə qarşılandınız?

- İlk dəfə ora gedəndə düşünürdüm ki, çətin olacaq. Nə qədər aktiv olsam da, bu əlilliyi olan insanlar arasında belə idi. Sırf bir dövlət müəssisəsində mənə qarşı münasibətin birmənalı olmayacağını düşünürdüm. Gedəndən sonra o qədər isti münasibət gördüm ki, əlil olduğumu unutdum. Mən düşünürəm ki, orda gəzirəm, yeriyirəm, heç bir maneə yoxdur.

- Musiqi təhsiliniz də var?

- Bəli. Pianoda çox gözəl ifa edirəm. 7 il bununla məşğul olmuşam. Musiqi məktəbini bitirmişəm. Fikrim var idi ki, konservatoriyada davam edim. Amma həyat şərtləri məni başqa yerə yönəltdi.

- Sevgiliniz varmı?

- (gülür). Yox, hələ ki, orda vəziyyət neytraldır.

- Öz toyunuzda da belə rəqs edəcəksiz?

- Əgər bəy icazə versə, böyük məmuniyyətlə.
 
BAKU.WS