Avropada vətəndaş cəmiyyətinin siyasətdə aktiv inkişafını nəzərdə tutan Siyasətdə İnnovasiya Mükafatları (Innovation in Politics Award) 2019-un finalçıları müəyyən edilib.

Bu barədə diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Onun sözlərinə görə, mükafatın məqsədi partiyasından və regional səviyyəsindən asılı olmayaraq fərqli sahələrdə yaradıcı və real nəticələr əldə etmiş yeniliklər edən cəsur siyasətçiləri, ictimai xadimləri Avropa dəyərlərinə: sosial balansa, demokratiyaya və insan hüquqlarına əsaslanaraq tanımaq, tanıtmaq və dəstəkləməkdir:

"Onların innovativ, yenilikçi işləri gündəmdə saxlanılaraq, dəyərləndirilərək cəmiyyətə həm də ilham qaynağı olması nəzərdə tutulur.

Layihələrin Avropanın hansı şəhərindən, ərazisindən və hansı həcmdə və böyüklükdə olmasına ümumiyyətlə fərq qoyulmur. Layihədə həm layihələrlə, həm də layihələri dəyərləndirən hakim rolunda iştirak etmək mümkündür.

Seçmə mərhələsində olan 400 layihədən hər kateqoriya üzrə 10 finalçı seçilib və onlardan hər kateqoriyadan 1 nəfər olmaqla toplam 8-i dekabr ayının 4-də Berlində təntənəli Qala tədbirdə elan olunacaq.

Finalçılar sivilizasiya, demokratiya, cəmiyyət, ekologiya, iş yerləri, tərəqqi, İnsan hüquqları və həyat keyfiyyəti olmaqla 8 kateqoriyada müəyyənləşib. Bundan başqa bütün kateqoriyalar cəmiyyətin iştirakı, cəmiyyətdə inamın yaradılması və dayanıqlı inkişaf kriteriyalarına da cavab verməlidirlər.

Sevindirici haldır ki, ilk dəfə olaraq, Azərbaycandan ictimai əlaqələr üzrə ekspert, analitik Turab Rzayev siyasətdə innovasiya layihəsinə hakim kimi dəvət olunub.

Ekspert Turab Rzayev finalçı adına layiq görülən 17 layihənin qiymətləndirilməsində birbaşa iştirak edib.

Layihələrin qiymətləndirilməsində hakim kimi iştirakına görə Avropada Siyasətdə İnnovasiyalar İnstitutu Turab Rzayevi hakim sertifikatı ilə təltif edib.

Məlumat üçün qeyd edək ki, Turab Rzayev Şərqi və Cənub-Şərqi Avropa, MDB ölkələri və Türkiyədən Avropa Yayımlar Birliyinin Hüquq və Siyasət Komitəsinə seçilən ilk üzv olub.

Siyasətdə İnnovasiyalar mükafatının keçənilki xüsusi mükafatı Avropa Komissiyasının Prezidenti, Lüksemburqun keçmiş Baş Naziri Jan Kloud Yunkerə verilib".

BAKU.WS