Yayda istirahət üçün ölkədən kənara çıxmaq istəmirsiniz? Öz rayonlarımızı istirahət üçün daha uyğun hesab edirsiniz? O zaman bu yazı sizin üçündür.

Yay tətilində istirahət üçün rayonlarda kirayə ev tutmaq istəyirsinizsə BAKU.WS-in bu xəbəri sizin üçündür.

Bu xəbərdə biz sizin üçün elan saytlarında ən ucuz günlük evlərin qiymətlərini bir yerə yığdıq. 

Qubada günlük kirayə evlərin qiyməti 35 Azn-dən başlayıb 600 manata qədər qalxa bilər. 600 manata olan evlərin ucuz evlərdən fərqi isə əla təmirli, həyətində hovuzu və yaşamaq üçün hər bir şəraitinin yüksək səviyyədə olmasıdır. 


Qusarda günlük evlərin qiyməti isə 50 manatdan başlayıb, 400 manata qədər dəyişir. 


İsmayıllıda siz günü 30-60 Azn arasında dəyişən həyət evləri tapa bilərsiniz. Gedib otellərə yüzlüklər xərcləyənə kimi, orqanik ərzaqlar alıb və istədiyiniz yeməkləri hazırlayıb cibinizə qənaət edə bilərsiniz. 


Qəbələdə 35 Azn-dən başlayıb 600 Azn-ə qədər günlük kirayə ev verirlər. Desəniz ki, 35 manata o ev necə olar, orda nələr olar? Onu da deyək, azı 5-6 nəfərin rahat qala biləcəyi, 2 yataq otağı olan belə evlərdə istifadə edə biləcəyiniz hər bir əşya var. Yox, biz villa istəyirik deyirsinizsə, o zaman əlinizi cibinizə yaxşı salıb hər bir şəraiti yüksək səviyyədə olan "5 ulduzlu" villalarda da qala bilərsiniz. 


Şəki təbiəti ilə yanaşı ləhcəsindən də zövq almaq olar deyirsinizsə, siz burda adambaşı 10 manata olan evlərdə də, 30 manatdan başlayan həyət evlərində də günlük kirayə qala bilərsiniz. 


Qax, Zaqatala, Balakəndə də 30 manatdan başlayan villa olmasa da, gözəl kənd evlərində həm ucuz qiymətə rahatlıqla dincələ bilərsiniz. 


Azərbaycanın şimal zonası ilə yanaşı cənub zonası da tətil üçün çox uyğundur. Cənub mətbəxinin ləziz nemətlərindən dadmaq isə istirahətinizə xüsusi rəng qata bilər. 

Lənkəran
da günlük kirayə evlərin ən ucuzu 25 manatdan başlayır. Bu qiymətlər 300 manata qədər davam edə bilər. 


Masallıda qalmaq istəsəniz isə günlük kirayə evlərə 60 manat ödəməli olacaqsınız. Bu qiymət üzü yuxarı qalxır.


Lerikdə kirayə ev tutmaq istəyirsinizsə, günlük 40 manatdan başlayan ev tapa bilərsiniz. Təbii ki, villa seçimlərində iki rəqəmli qiymət, 3 rəqəmli ilə əvəz olunacaq.


Azərbaycana təbiətinin gözəlliyi ilə səs salan rayonlardan biri də Gədəbəydir. Gədəbəydə də günlük evlərin kirayəsi 35 manatdan başlayır.

Lalə Ramizqızı
BAKU.WS