SİZİN REKLAM BURADA!
055 213 76 73


İranlılar, hindlilər, yaponlar, hətta ərəblər də Atəşgahı ziyarətə gəlirlər; əməkdaşımız qiymətlərdən və gördüklərindən yazır...

Tarix təkrarlanır: yenə bura iranlılar, hindistanlılar gəlirlər. VII əsrə qədər də onlar gəlirdilər, zərdüşitlərin “Məkkə”sində qalırdılar. Bu dəfə onlara qoşulanlar artıb. Yaponlar, çinlilər, hətta müsəlman ərəblər atəşpərəstlərin məbədini ziyarətə gəlirlər.

Darvazadan içəri girərkən sanki Zərdüştün ayaq izləri ilə qeyri-ixtiyari hərəkət etməli olursan. Bizdən neçə min illər qoca olan yaddaş sistemimiz bu izləri tanıyır, özü bizi harasa aparır. Bura II-III əsrdə əsası qoyulan, zərdüştilərin tapındığı atəş ocağı, atəş yurdu - Atəşgahdır. Bu yerin öz mistikası, sehri var. Hər bir daşı elə bil tarixin o üzündən adama salam verir.

İstər-istəməz xəyalən də olsa, məbədin inşa olunduğu XVII əsrə yollanırıq, Böyük İpək Yolu ilə Azərbaycandan keçən və zərdüştiliyə tapınan hindli tacirləri görür, II-III əsrdə əsası qoyulan, bu sirli məkan haqqında eşidir və oradan yerin tərkindən çıxan alovun sehrinə düşürük...

Hind və iranlıların dönüşü

Başımı əyib hücrəyə boylanıram, ilk baxışda adam diksinir, sanki səni qəbirə salıblar, meyiti açıb göstərirlər. Yox, yox, narahat olmayın, onlar hücrədə zərdüştilərin maketləridir. O dərəcədə canlı, diri görsənir ki, adamın heykəl olduqlarına inanmağı gəlmir.

Sizə bir məsləhət: azyaşlı uşaqlara bura gətirməyin, qorxarlar. Bir az böyüsünlər, sonra onlara maraqlı gələcək...

Bu məbədə gələn turistlərin sayı-hesabı yoxdur. Niqablı ərəbdən tutmuş ingilisə qədər var. Əsasən hind və yaponlar üstünlük təşkil edirlər. Kassir bilet alanda təəccüblənir, tur firma ilə gəlib-gəlmədiyimi soruşur.

“Yox xanım, təkəm” deyəndə “Maraqlıdır, azərbaycanlılar bura nadir halda gələrlər” söyləyir. Onun sözlərinə görə, daha çox bayramlarda bizimkilər Atəşgahı ziyarət edirlər.

Lakin ilboyu əcnəbi turistlərin əlindən məbədə “iynə atsan, yerə düşməz”. Bu, həm də turizm firmalarının qurduğu işdir. Onlar turistləri otellərdən tarixi yerlərə daşıyırlar.

Bizimkilərə 2, xaricilərə 4 manat...

Atəşgah isə yerli adamlara girişi 2 manat, xaricilərə 4 manat müəyyənləşdirib. Tələbələr 1 manat, şagirdlər 20 qəpik ödəməklə zərdüştlərin məbədinə daxil ola bilər. Sonra bileti məbədin girişində verirsiniz, içəri keçirsiniz.

Azərbaycan dilində ekskursiya 3 manat, xarici dildə 5 manatdır. Əgər məbədin həyətində 3 saat maşın saxlasanız, 1 manat ödəniş edəcəksiniz. Ərazidə restoran, suvenirlər satılan mağaza da fəaliyyət göstərir.

Hind, yapon və iranlı turistlər məbəddəki hücrələri xüsusi maraqla gəzirdilər, məlumat lövhələrini oxuyurdular, bələdçilər ingiliscə onlara izah verirdilər. Abidə həm də Azərbaycanın “Odlar diyarı” olmasını simvolizə edir.

Qədim dövrdə Hindistandan bura 6 ay müddətinə gəlirdilər. O zamanlarda yerin alovlanması möcüzə kimi görünürdü. VII əsrdə Azərbaycanda islam dini yayıldıqdan sonra zərdüştlük təsirini itirməyə başladı. Beləcə, məbədə gələnlərin sayı da azaldı. Ona görə də bu məbədlər baxımsızlıqdan dağıldı. Bura XVII əsrdən XIX əsrin axırlarına qədər atəşpərəstlərin məbədi olub. Məbəd 26 hücrədən ibarətdir. Onlar qonaq otağı, karvansara və ibadət yerləri kimi istifadə olunurdu.

İlk dəfə olaraq buranı tacirlər görüblər. Onlar XVII əsrdə Atəşgaha gələndə həm burada qədim zərdüşt məbədinin qalıqlarını, həm də yerdən çıxan təbii alovları görüblər.

Tacirlər Hindistana qayıdıb, Bakıda belə bir yerin olduğunu deyiblər. Beləcə, bura tacirlərlə yanaşı, zərdüştlərin və atəşpərəstlərin axını başlanıb.

Təbii alov niyə çıxmır?

Əvvəllər bütün otaqlardan alov təbii olaraq çıxırmış. 1883-cü ilə qədər buradan təbii alov çıxıb. Ancaq indi çıxan qazdır. Təbii alovun kəsilməsinin iki versiyası var. Birincisi zəlzələdir, ikincisi isə neftlə əlaqəlidir. Neft çıxarılmağa başlayandan sonra qazın təzyiqi düşdü.

Məbədin balaca hücrəsində bütün ömrünü oda sitayiş etməklə keçirən zahidin maketi qoyulub. Başqa bir hücrədə daşdan düzəldilmiş taxtda qaynar əhəngin üzərinə uzanaraq özünə əzab verən tərki-dünyanın fiqurunu görürük. Hücrələrdə dəstəmaz üçün istifadə olunan əşyalara da rast gəlmək olar. Zərdüştlər gündə 5 dəfə ibadət ediblər.

Səcdəgahın yanında arıqlamış, üzərinə 30 kiloqramlıq zəncir asaraq özünə fiziki əzab verən tərki-dünya və onun yanında heç nə yeməyərək əzab çəkən zahidin fiquru da yerləşdirilib. Daha iki maketdə isə yoqa musiqisinin sədaları altında zərdüştlərdə biri oturub ayinləri yerinə yetirir, biri isə uzanıb. Onların bu dərvişanəliyi hücrəyə daxil olanda insanda qəribə hisslər yaradır.

Zərdüşti heykəlləri Qandi gələndə düzəldilib

Bu heykəllər 1971-1972-ci illərdə İndira Qandinin səfəri zamanı düzəldilib. Hindlilər burada özlərinə müxtəlif yollarla əzab veriblər. Bu əzab vasitəsilə də günahlarından təmizləndiklərini hesab ediblər. Həmçinin onlar gəlib uzun müddət alova da baxıblar. Bu vasitə ilə də günahlarının bağışlandığını zənn ediblər. Elə indinin özündə də bura gələn atəşpərəstlər saatlarla alova baxırlar.

Rus taciri Konerevin 1855-ci ildə Atəşgahın arxasında tikdirdiyi kerosin zavodunun maketi də bura yerləşdirilib. Rus kimyaçısı Mendeleyev 1862-ci ildən burda çalışıb. O, burada neftin düzgün istifadə olunması, israf edilməməsi barədə məsləhətlər verib, fabrikin işinə kömək edib.

Burada tanınmışlardan Aleksandr Düma, Vereşaqin, Qaqarin, alman səyahətçisi Enna Kemfer və başqaları olub. Nobel qardaşları da buranı ziyarət ediblər. Nobel qardaşlarının ilk neft tankerlərinin adı “Zərdüşt” olub.

Azərbaycanda 500-ə yaxın zərdüşti var?

İnternet resurslarında gedən məlumata görə, hazırda Azərbaycanda 500-ə yaxın zərdüşti var, dünyada isə onların sayı 200 minə qədərdir. Onlar əsasən Hindistan və İranda yaşayırlar. Novruz bayramında bura gəlir, mərkəzi ibadətxanadakı alov ətrafında dualar edir, nəzir verirlər.

Nəzir isə, əsasən meyvələrdən ibarət olur. Avestadan bilirik ki, alma, armud, eləcə də başqa meyvələr Zərdüşt davamçıları üçün müqəddəs sayılır.

Hücrələrin üzərində 20 qədim yazı var - 19-u qədim sanskrit dilində, biri isə farscadır. Yazılarda məbədin hansı varlı tacirlər tərəfindən tikildiyi qeyd olunur. Bir zamanlar məbədin sakinləri olan müridlər, bura ibadət üçün gələn zəvvarlar ot və süddən hazırlanan xüsusi içkini qəbul edəndən sonra ibadətə başlayarmışlar.  Bu içki onları vəcdə gətirər və trans vəziyyətində olan müridlərin, zəvvarların gözləri önünə cənnət gələrmiş. Onların cənnət sevdası buradan qaynaqlanarmış.

Deyilənə görə, Atəşgaha gəlmək istəyən zəvvarlar əsasən varlı hindlilər olub. Onların dini dünyagörüşünə əsasən, müqəddəs ocaqda ömrünün son illərini keçirmək və burada ölmək cənnətə düşmək demək idi. Odur ki, varlı hindli əmirlər, necə deyərlər, o dünyaya yolu Suraxanıdan salarmışlar. Əmircan kəndinin adının etimologiyası da elə bu faktla bağlıdır. Uzun yol qət edən varlı əmirlər müqəddəs məbədlərinə getməzdən əvvəl bu kənddə bir müddət qalar, paklanandan sonra Atəşgaha yollanarmışlar. Bu mənada belə ehtimal olunur ki, “Əmircan” sözü “əmir saxlayan” ifadəsindən yaranıb...

“Yeni Müsavat”
BAKU.WS
QALEREYA