SİZİN REKLAM BURADA!
055 213 76 73


...Hə, uşaqlar indi  isə sizinləyəm ...

Biz də sizinləyik əziz BAKU.WS-də “İşdən sonra” layihəsinin oxucuları! Layihəmiz növbəti millət vəkili Sona Əliyeva Süleymanlının “İşdən sonra”kı  həyatı ilə davam edir.

O “İşdən sonra” layihəsinin ilk xanım müsahibidir. Danışdıqlarından belə nəticəyə gəlmək olar ki, ilk olmaq onun qədəridir.

Məsələn, ailəsində ilk qız övladı olub ki, ali təhsil alaraq arxasınca onlarla qızlarımızı təhsilə həvəsləndirib. Daha bir ilk isə odur ki, Sona xanım Milli Məclisdə sürücüsü olmayan xanım deputatlarımızdandır.

... Bəlkə də ailə həyatı qurandan sonra hədəflərinə çatan, uğurlarının ardı-arası kəsilməyən, ilk sırada olan azərbaycanlı xanımlardan biridir. Bir sözlə ilklər onu, o da ilkləri sevir.


Sona xanım, “Azərbaycanda və dünyada qızların  təhsil problemi və onun həlli yolları” tədbirini indi yekunlaşdırdınız.  Qadın olmaq bu qədər çətindir? Hansıki bu çətinliyi, problemi onların təhsil məsələsində də görürük.

- Qadın olmaq tarixən bütün dövrlərdə və dövlətlərdə çətin olub. Təhsilə gəlincə isə qadının bu həyatda xoşbəxtliyi də, sağlamlığı da, müstəqilliyi də onun nə qədər təhsillli olması ilə düz mütənasibdir.

Tədbir məkanından çıxıb üzü maşına doğru yol alırıq. Sona xanım işdən sonrakı ünvan haradır?

- Ağ şəhərə gedib, yeriyə bilərik. Hansı ki, sağlamlıq baxımından bunu tez-tez edirəm. Həftədə iki, ya üç dəfə bulvarda axşamlar, bazar günü isə səhərlər on kilometr yeriyirəm.


Çoxdan sükan arxasındasınız?

- Bir ildir ki, maşın sürürəm. Maşın sürmək ən böyük arzum olub. Əvvəllər atam və ailəm sükan arxasına keçməyə müxtəlif səbəblərə görə icazə verməyib. Təhlükəsizliyim üçün narahat olurdular. Qadınların maşın sürməyini doğru hesab etmirdilər. Sonralar millət vəkili olduğum üçün  yaraşdırmırdılar... Bilmirəm ki, səbəbləri çox idi...

Yol polisləri ilə necə yola gedirsiz?

- Bu bir ildə cəmi bir dəfə cərimə yazılıb. Qayda - qanun  pozan sürücü deyiləm. Adama deməzlər ki, “qanunu özünüz yazıb, özünüzdə pozursunuz?”. Mən qayda pozan yox, sürəti sevən sürücüyəm. İnanın ki, tələbəlik illərində maşın sürməyi o qədər arzulayırdım ki... Hətta bir müddət gizli sürücülük kurslarına da getmişəm.

Söhbətinizdən aydın olur ki, atanız həyatınızda qərar sahibi olub. Məhz mühafizəkar ailədə böyüdüyünüz üçün hansı arzularınız  sonradan həyata keçib?

- Davamlı səyahət etmək, xaricdə yaşamaq gənclik illərimin arzusu olub. Məhz, bu səbəbdən Xarici Dillər Universitetində təhsil almaq istəyirdim.

Təbii ki, qız övladı olduğuma görə atam razı olmadı. Mən məcburən başqa universitetə sənədlərimi verdim. Kiçikli- böyüklü sonradan reallaşdırdığım arzu və istəklərim çox olub.

Ən böyük arzum təhsilimi davam etdirmək, karyera qurmaq idi, öz ayaqları üzərində dayanmaq və müstəqil olmaq da bu istəyin tərkib hissəsiydi.  Allaha çox şükür ki, gəncliyimin ən böyük arzuları çin olub.

Lakin perifieriyada doğulmaq, yaşamaq və parlamentə qədər uzanan yol asan olmayıb. Həm də rayonda sərt qaydalarla böyüdülmüş  qadın olaraq bu çox çətin idi...

Mənim yerimə çox zaman  qərarları atam, ailəm verib. Gəncliyimdə mənə ən mühüm qərarlarda belə seçim verməyiblər. Əlbəttə valideyin çox zaman övlad üçün ən yaxşısının nə olduğunu bilir və arzulayır.

Azərbaycan cəmiyyəti patriarx və qadına qarşı mühafizəkardır, bu çox vaxt yaxşı niyyətlərdən irəli gəlsə də, məncə qadınların inkişafına mane olan əsas amillərdən biridir. 
Başqa nələr sizə çətin oldu?

-    Çoxdur!.. məhz, dünyaya qadın gəldiyim üçün çox əziyyət çəkmişəm. İşləmək, karyera qurmaq,  təhsilimi davam etdirmək üçün çox mübarizə aparmışam.

Niyə işləyirsən deyə qınayan da olub, nəyinə lazımdır bu qədər əziyyət çəkirsən, imkanınmı yoxdur deyəndə olub.  Bu günə şükür ki, mən çox arzularımı həyata keçirə bilmişəm.

Hər bir insanın mənəvi tamlığı üşün arzularını reallaşdırması önəmlidir. Qadın üçün isə bu deyərdim ki, vacibdir. Yoxsa o, xoşbəxt ola bilmir... 
Neçə yaşında ailə qurmusunuz?

- 20 yaşım olanda ailə qurmuşam. Tez ailə qurmağımı atam istəyib. Baxmayaraq ki, təhsilimi davam etmək istəyirdim. Ailə qurdum, üç övlad anası oldum. Yoldaşımdan və onun ailəsindən çox razıyam.

Onlar bütün qərarlarımda və seçimlərimdə məni dəstəkləyiblər. Mən heç zaman, elə indi də, onlardan xəbərsiz, icazəsiz, məsləhətsiz addım atmamışam. Uşaqları böyütməklə paralel işləməyimdə ən böyük dəstəkçim qaynanam olub.

Qaynatam, atamdan sonra ikinci ağsaqqalım, qaynanam isə anamla birlikdə ağbirçəyimdir.

Başımız söhbətə elə qarşıb ki, ikinci dəfə “Azneft” meydanında dairə vurmalı oluruq.

İlk işiniz nə olub?

- Əvvəlcə onu deyim ki, Azərbaycam Pedoqoji Universitetinin biologiya fakültəsini bitirmişəm. Bir müddət orta məktəbdə müəllim işləmişəm. Daha sonra təhsil şöbəsində, paralel olaraq QHT-də, sonra icra hakimiyyətində çalışmışam.

İşlədiyim müddətdə magistatura təhsili almaq istəyirdim və iki dəfə qəbul üçün cəhd etdim. Birinci dəfə atam icazə vermədi. Deyirdi ki, “qızın peşəsi oldu bəsdi”.

İkinci dəfə, sənədlərimi qəbula qədər toplaya bilməmişdim, gecikmişdim.  Üçüncü cəhddə  təhsil və idarəetmənin psixologiyası ixtissası üzrə təhsilimi tamamladım.

- Keşkələriniz çox olub?

- Əgər etdiyim işlərə görə, vicdanın ağrımırsa, qalan  məsələlərə keşkə deməyin mənası yoxdur. Həyatda baş verənləri qəbul edib yaşayanlardanam. Həyatla barışıb, yaşamaq daha asandır.

Barışmayanda adam daha çox keşkə deyir və daxili ziddiyyətlər onu yorur. Mən fərqli düşüncəyə sahib insanam. Ailədə də fərqli idim. Yaxın qohumuz var idi.

Mənə həmişə deyirdi ki: “Sən əsl ata və ananı axtar”.  Sən bunlardan deyilsən. Bilmirəm mənim həyat fəlsəfəm sufizmə, yoxsa Mövlanaya yaxındı?..

Deməli, həyatla tez razılaşırsız! Haqlı olduğunuz halda susmağı bacarırsınız?

- Bilirsiniz, bəzən haqlı olsan da geri çəkilmək lazımdır. Mən övladlarımla belə məsləhətləşirəm. Heç vaxt mən haqlıyam demirəm.

Bəs övladlarınızdan biri, millət vəkili olmaq istəyərsə icazə verərsiniz?

- ... Yox mən də istəmərəm. Onlarda istəmirlər. Və qadağa da qoya bilmərəm. Mənə görə insanın həyatında  ən önəmli  iki seçimi  var. Biri evlilik,  digəri isə peşə seçimidir.

O seçimlərlə insan ölənə qədər yaşayır və xoşbəxt yaşaması da bu seçimlərin, qərarının sevgiylə verilməsindən asılıdır. İndiyədək, mən uşaqlarıma nəyəsə görə qadağa qoymamışam. Qoymaramda ...
Seçicilərinizlə münasibətlər necədir?

 - Çox yaxşıdır...

Problemlər çox olur?

- Problemlər deməzdim, müraciətlər çox olur. Şəxsi də olur, ümumi də olur. Rayonda, kəndlərdə problemlər əsasən suvarma və torpaqla bağlıdır.

Bu məsələləri də yoluna qoyuruq. Digər məsələləri  də dövlət imtiyazları hesabına  həll edirik. Əsas odur ki, seçicilərimlə yaxşı münasibətlərimiz və səmimi ünsiyyətimiz var.

- Söhbətimiz  çay süfrəsi arxasında davam edir.

Millət vəkili olandan sonra sizə münasibəti dəyişənlər oldumu?

- Əvvəlcə onu deyim ki, uzun  illər dost olduğum  çox yaxın və yaxşı rəfiqələrim var. Millət vəkili olandan sonra, mənimlə dostluğu davam etdirənlər də, dostluğuma naxələf çıxanlar da oldu. İnsanları tanımaq, əsasən də qadınları tanımaq çox çətindir. Nə edə bilərik, bizə hər yerdə qismətlə barışmaq qalır.

Söhbət əsnasında müsahibim Milli Məclisdən gedəndən sonra kitab  yazacağam fikrini deyəndə baxışlarımı onun “yüklü gözlər”inə zillədim. Görəsən nədən yazacaq? Çətin keçən uşaqlıq xatirələrindən? Yoxsa yeniyetməliyindən?  Sərt qaydalarla böydüyü mühafizəkar ailəsindən? Yoxsa keçdiyi həyat yolundan?

- Düşünürəm ki, həyatımla  bağlı hər şeyi kitab şəklində yazım. Elə adam var sadəcə kitabı dərc olunsun deyə yazır. Mənsə anı  yaşayaraq yazıram.

Niyə məhz millət vəkili olmayanda yazacaqsınız?

Millət vəkillərini çox müzakirə edirlər, həm də səbəbsiz, fərqinə varmadan ədalətsiz mühakimə etməyə çalışırlar. Sonda onlar da daşıdıqları vəzifədən kənarda adi sosial-məişət qayğıları olan insanlardır, cəmiyyətin bir parçasıdırlar.

Hamı kimi, onların da ailəsi, problemləri, qayğıları var. Bu səbəbdən də indi hər hansı bir kitab yazmağı və dərc etməyi düşünmürəm.  Yazmağa gələndə isə düzünə qalsa yazmaq həm də mənim ruhumu  ağrıdır.

Artıq qəlbimi, ruhumu ağrıtmaq və incitmək istəmirəm. İndi yorğunam və bu yorğunluqla kitab yazmağı doğru hesab etmirəm. Zamanı gələndə o kitab dərc olunacaq, bütün hüquqsuz və seçim imkanı olmayan qadınlara və onların keşməkeşli həyat mübarizəsinə həsr olunacaq.

Söhbətləşdi: Gülşanə Mustafayeva
Fotoqraf: Nəriman İsmayılov
BAKU.WS