SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün 9 May qələbə günündən 74 il ötür. 1945-ci ilin may ayında qələbəni bayram edən qəhrəmanlar arasında Əmirbala Məmmədov da var idi. 94 yaşlı müsahibim Böyük Vətən Müharibəsinin ən həlledici döyüşlərində iştirak edib. Dediyinə görə, müharibəyə yollananda heç 18 yaşım tamam olmamışdı. Yaşının çox olmasına baxmayaraq veteran hələ də o günləri yaxşıca xatırlayır. 

"Böyük Vətən Müharibəsinin həlledici döyüşlərindən biri Mazdokda oldu. Həmin döyüşdə bizim azərbaycanlılardan ibarət diviziya böyük məharətlə vuruşurdu. Vətən uğrunda döyüşlərdə iştirak edərək alman ordusuna qarşı bütün gücümüzlə döyüşürdük". 

Qafqaz uğrunda döyüşlərdə iştirak edən Əmirbala kişi müharibə dövrünün çox dəhşətli və bir o qədər də şərəfli olduğunu deyir. Kislovodsk və Mazdok ətrafındakı döyüşlərdə iştirak edən veteran qazandıqları qələbəni belə xatırlayır:



"1943-cü ilin yanvar ayında Şimali Qafqazda Mazdok uğrundakı döyüşlərə yollandım. Hərbi təhsilimi yarıda qaldı. Bir də gözümü açdım ki, düz müharibənin içərisindəyik. O vaxt Stalin əmr vermişdi ki, orduya yaxşı yemək verilsin. Bizim ərzaq təminatımız tam qaydasında idi. Müharibə dövründə insanlar çörək ala bilmək üçün uzun növbəyə dururdu, ancaq orduya artıqlaması ilə yemək verilirdi. Döyüşlərin lap qızğın olduğu dövrdə biz alman ordusunun hücumunu dəf edə bildik. Mazdok döyüşündə alman ordusu böyük itki verərək geri çəkildi. Mən o zaman pulemyotçu idim. Biz almanları qovaraq bir xeyli irəlilədik".


Əmirbala Məmmədov Qafqaz uğrunda gedən döyüşlərdə alt çənəsindən güllə yarası alıb. Daha sonra onu 40 gün tibb məntəqəsində saxlayıblar: "Hospital uzaq olduğu üçün məni məntəqədə müalicə etdilər. Müalicə zamanı 17 dişim töküldü. Buna baxmayaraq müalicəm bitdikdən sonra yenidən döyüşlərə yollandım. 1950-ci ilin fevral ayının 22-də ordudan təxris olunmuşam. Düz 7 il ordu üçün xidmət etdim".
   
Əmirbala kişi deyir ki, tibb məntəqəsinin arxivi məhv edildiyi üçün o vaxt əlillik sənədini ala bilməyib. Dəfələrlə Moskvaya sorğu göndərsə də Əmirbala kişiyə tibb məntəqəsinin arxivinin qalmadığı bildirilib.

 
Azərbaycan prezidenti İlham Əliyevin veteranlara böyük qayğı göstərdiyini vurğulayan Əmirbala kişi dövlət başçısına daim minnətdar olduğunu söyləyir. Ancaq maraqlısı ondadır ki, Əmirbala kişiyə indiyə qədər nə ev, nə də avtomobil verilməyib. Vətən uğrunda canından keçməyi gözə alan 94 yaşlı veteran yaxın gələcəkdə bu arzusunun da dövlət başçısı tərəfindən nəzərə alınacağına ümid edir.   
 
Şahin Həbibov
BAKU.WS
QALEREYA