SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün dünyasını dəyişən insanlardan təkcə xatirələr qalmır. Telefonumuzun yaddaşında mobil nömrələri də silinmir. Daha doğrusu, bəzilərinin adını telefonun yaddaşından silməyə əlimiz gəlmir. Hərdən kimisə axtaranda dünyasını dəyişmiş adamların adları da qarşımıza çıxır.

Biz jurnalistlər hər gün onlarla tanınmış insanla, ekspertlərlə danışır, müsahibələr, açıqlamalar götürürük. Böyük telefon dəftərlərimizdə qeydiyyatda olan nömrələrin sahibləri vəfat etdikdə belə, çoxlarımız onların adlarını dəftərlərimizdən silmirik. Həmçinin telefonlarımızın yaddaşından da...

Hətta bu gün, cəsarətimizi toplayıb, vəfat etmiş şəxslərdən kimlərinsə mobil nömrələrinə zəng etsək, bir neçəsinin aktiv olduğunu da görərik. Təbii ki, o insanların ailə üzvləri, övladları, yaxınları mobil nömrələrin bağlanmasına imkan vermir, özü həyatda olmayan şəxslərin telefonlarına cavab verirlər. Yoxlamaq, istədik... Ömrünün sonlarına qədər əlaqə saxladığımız şəxslərdən hazırda hansının mobil nömrəsi aktivdir?

BAKU.WS
  modern.az-ın bu barədə araşdırmasını təqdim edir.

İlk olaraq, zəng vurduğumuz nömrə tanınmış şair Məmməd Aslanın oldu. 2015-ci il, sentyabrın 23-də haqq dünyasına qovuşan şairin təəssüf ki, telefonu uzun müddətdir işləmir. Çünki artıq nömrə istifadə edilmədiyindən “təyin edilməmişlər” siyahısına düşüb.

2017-ci il sentyabrın 14-ü uzun sürən xəstəlikdən sonra 78 yaşında vəfat edən Aşıq Ədalətin isə mobil nömrəsi aktivdir. Ustad aşığın oğlu Hekayət Nəsibov atasının mobil nömrəsini öz telefonuna yönləndirərək, ona gələn zənglərə cavab verir. Onunla danışdığımızda atasının yaddaşlardan silinməyini istəmədiyini bildirdi.

Hamımızın yaxşı tanıdığı xalq şairi Zəlimxan Yaqubun telefon dəftərçəmizdə qeydiyyatda olan hər üç nömrəsinə zəng etdik. Bu məşhurun da mobil nömrələrindən heç biri işləmirdi.

Xatırladaq ki, Zəlimxan Yaqubun vəfatından 3 il keçib. Ustad şair 2016-cı il yanvar ayının 9-da 65 yaşında rəhmətə gedib.

Ötən il vəfat edən deputat Astan Şahverdiyev mobil nömrəsi ikitərəfli bağlanmasa da söndürülüb. Yəqin ki, qısa müddət sonra zəng çatmayan bu nömrə də tarixə qovuşacaq.

Sağlığında jurnalistlərin tez-tez müraciət etdiyi, özünün də dediyi kimi həmkarlarımızın zənglərindən telefonu susmayan əməkdar iqtisadçı Oqtay Haqverdiyevin mobil nömrəsi də “təyin edilməmişlər” siyahısına düşüb. Oqtay Haqverdiyev 2017-ci il mart ayının 12-də 80 yaşında vəfat etmişdi.

Xalq şairi Vaqif Səmədoğlunun mobil nömrəsi isə aktiv imiş. Onun vaxtilə istifadə etdiyi mobil telefonu və əlaqə nömrəsi hazırda həyat yoldaşındadır. Nüşabə xanım Vəkilova ömür-gün yoldaşının telefonuna tez-tez zənglərin gəldiyini, hətta jurnalistlərin də müxtəlif mövzularla əlaqədar xanıma elə bu nömrədən əlaqə saxlayaraq, müraciət etdiyini söylədi.

Vaqif Səmədoğlunun ölümündən 4 il ötüb. Xalq şairi 2015-ci il yanvarın 28-də vəfat edib.

Ötən il vəfat edən məşhur aktyorumuz Fuad Poladovun həyat yoldaşı Gülüstan xanım da xalq artistinin mobil nömrəsini istifadə edir. Gülüstan xanım qeyd etdi ki, Fuad müəllimin telefonuna ən çox zəng edən yazıçı Seyran Səxavətdir: “Çox nadir hallarda jurnalistlərdən və digər şəxslərdən zənglər gəlir. Demək olar, Fuad müəllimə gələn zənglər çoxdan susub, amma buna baxmayaraq, mən nömrənin aktiv qalmasına çalışıram”.
Xatırladaq ki, bu il may ayının 4-də Fuad Poladovun vəfatının 1 ili tamam olacaq. O, 69 yaşında, xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahovanın mobil telefonu isə təəssüf ki, sönülüdür. Görünür, xalq artistinin mobil nömrəsi ailə üzvləri tərəfindən aktiv saxlanmır.

Qeyd edək ki, Amaliya Pənahovanın ölüm xəbəri 4 ay əvvəl, ötən il noyabrın 8-də yayıldı. Onun xərçəng xəstəliyindən vəfat etdiyi açıqlanıb.

Qəfil ölümü ilə mediada uzun müddət müzakirə olunan tanınmış psixoloq Dəyanət Rzayevin mobil nömrəsinə də zəng etdik. Onun Facebook profili aktiv olsa da, mobil nömrəsi “təyin edilməmişlər” siyahısındadır. Dəyanət Rzayevin sosial şəbəkə hesabını onun oğlu idarə edir.

Allah dünyadan köçənlərə rəhmət eləsin, qalanlara ömür versin...

BAKU.WS