VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


buro247.az gələn il Azərbaycanda baş tutacaq ən əlamətdar hadisələrin siyahısını tərtib edib.

İlin ilk konsertini yanvarın 13-də Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva verəcək. İstedadlı müğənni və bəstəkarın "Hər şey yaxşı olacaq" adlı konserti yerli restoranlardan birində baş tutacaq. 

 

2016-cı il aprelin 24-də məşhur italyan müğənnisi Eros Ramazzotti özünün "Rerfetto" dünya turu çərçivəsində Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək. "Perfetto" adlanan konsert Heydər Əliyev Mərkəzinin dəstəyi ilə təqdim olunur. Möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq. 

 

Macarıstanın "Wizz Air" aviaşirkəti 2016-cı il martın 27-dən etibarən "Airbus 320" təyyarələri ilə Bakı-Budapeşt-Bakı reysi üzrə uçuşlar həyata keçirəcək. Aviaşirkət ilk vaxtlar uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay vaxtı isə reyslərin sayını həftədə iki dəfəyə qədər artıracaq. 

 

2016-cı ildə Azərbaycanda dünya standartlarına və müasir tələblərə cavab verən, özündə bütün qitələrin flora və faunasını cəmləşdirən yeni Zooloji Parkın istifadəyə verilməsi gözlənilir. Yeni Zooloji Park Bakının mərkəzindən 20 km. məsafədə yerləşən Qobu qəsəbəsində ayrılmış 55 hektar ərazidə salınacaq. Layihənin dizayn və tikinti işləri ilə 2010-cu ildə keçirilmiş beynəlxalq tenderin qalibi Türkiyənin "Ekodenge Engineering and Consultancy LTD" şirkəti məşğul olacaq. Parkın layihə-dizayn işlərinin aparılmasına Türkiyə şirkəti tərəfindən son illər dünyanın bir sıra ölkələrində - Birləşmiş Ərəb Əmirlikləri, o cümlədən Dubay, Çexiya və Sinqapurda yaradılmış zooloji parkların layihələrini işləyən hollandiyalı, yeni zelandiyalı və sinqapurlu mütəxəssilər də cəlb olunub.

 

 

 

 

 

 

 

 

2016-cı ilə Bakıda əfsanəvi "Hard Rock Cafe"nin açılışı gözlənilir. Layihənin reallaşdırılmasını PASHA Inshaat şirkəti öz üzərinə götürüb. Bu haqda şirkətin saytında məlumat yerləşdirilib. Məkanın ümumi sahəsi 1600 kv.m olacaq. Bakıdakı "Hard Rock Cafe" hazırda təmir üçün bağlanan "Azərbaycan" kinoteatrında (ön hissə) yerləşdirilə bilər. Lakin bu məlumat rəsmi olaraq hələ ki təsdiqini tapmayıb. "Hard Rock Cafe"nin rəsmi saytında bildirilir ki, kafeni Bakı da açmaq imtiyazı artıq əldə edilib. 

 

 

2016-cı ilin birinci yarısında "Avtovağzal" və "Memar Əcəmi-2" metrostansiyalarının açılışı baş tutacaq. Hazırda 23 stansiyası və 1 elektrik deposu olan Bakı Metropoliteninin Bənövşəyi xəttinin inşası davam etdirilir. Tikintinin birinci beşillik planına görə, bu xəttin 5 stansiyası inşa olunacaq. 12 stansiyadan ibarət olacaq bu xətt Beynəlxalq Avtovağzal Kompleksindən başlamaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaq.

 

 

Bakı yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək. Bundan başqa, Bakıda 7-9 aprel 2016-cı il tarixində kater, yaxta, müxtəlif növ dəniz avadanlıqları, yaxt klublar, su idmanı, su nəqliyyatı, dəniz turizmi kimi sektorlarda fəaliyyət göstərən şirkətləri özündə birləşdirən Xəzər regionunun yeganə ixtisaslaşdırılmış sərgisi "3-cü Xəzər Beynəlxalq Kater və Yaxtalar Sərgisi" keçiriləcək. 

 

 

"Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək. Bakının mərkəzi üzrə keçəcək şəhər trassının layihəsi German Tilkenin arxitektura bürosu tərəfindən hazırlanıb. Bakıdakı yarışda bolidlər Dənizkənarı Milli Parka paralel hərəkət edəcəklər və "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu" ətrafında dövrə vuracaqlar. Bununla da, tamaşaçılar və qonaqlar bu yarışlar ərzində bütün şəhəri seyr edə biləcəklər.

 

 

2016-cı ilin may ayında 17 yaşlı oğlanlar arasında futbol üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. 16 komandanın iştirakı ilə final mərhələsinin bütün oyunları Bakıda təşkil olunacaq. Bunun üçün Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, "Bakcell Arena", "Qarabağ" klubuna məxsus və bu yaxınlarda istifadəyə veriləcək Suraxanı qəsəbə stadionu, Mərdəkandakı "Dalğa Arena", eləcə də Masazırdakı "Əlincə" stadionu ayrılacaq.
 

 

2016-cı il sentyabr ayında Bakıda Şahmat Olimpiadası keçiriləcək. Bu barədə qərar Beynəlxalq Şahmat Federasiyasının Türkiyənin İstanbul şəhərində keçirilən 83-cü konqresində qəbul olunub. Beynəlxalq turnir Baku Crystal Hall-da baş tutacaq. Olimpiadada 175 ölkədən təxminən 2000-ə yaxın idmançının iştirakı gözlənilir. 

 

 

 

2016-cı ildən etibarən Azərbaycanla Türkiyə arasında sərnişin qatarı xətti fəaliyyətə başlayacaq. Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə Azərbaycanla Türkiyə arasında təkcə yük qatarları deyil, eyni zamanda sərnişin qatarlarının fəaliyyətinin bərpa edilməsi də nəzərdə tutulur. Bu məqsədlə Azərbaycan bu xətdə işləyəcək müasir qatarlar almaq niyyətindədir. Müasir qatarların alınması ilə bağlı olaraq "Azərbaycan Dəmir Yolları" QSC ilə İsveçrənin "Stadler Rail Group" şirkəti arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən 30 müasir vaqonun alınması planlaşdırılır. Qatarlar bir mərtəbəli olacaq. Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda "Wi-Fi" sistemilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur.