VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dünya ölkələri vətəndaşlarının digər dövlətlərə vizasız giriş prinsipi üzrə illik təsnifatının hazırlanması ilə məşğul olan "Passport Index" pasportların növbəti reytinqini açıqlayıb.

“Report” xəbər verir ki, reytinqə görə dünyanın ən nüfuzlu pasportu BƏƏ-nin hesab olunub.

Dubay əmirliyinin rəhbəri şeyx Məhəmməd bin Raşid əl Maktum bu məlumatı alqışlayaraq öz "Twitter" mikrobloqunda bunları yazıb:

"Dünya öz qapılarını BƏƏ xalqının üzünə açır".

Siyahıda ikinci yeri Sinqapur və Almaniya tutub. Bu ölkələrin vətəndaşları 166 dövlətə vizasız gedə bilirlər. Üçüncü yerdə Danimarka, İsveç, Finlandiya, Lüksemburq, Fransa, İtaliya, Niderland, İspaniya, Norveç, ABŞ və Cənubi Koreya qərarlaşıb. Bu adıçəkilən ölkələrin vətəndaşları 165 digər dövlətin ərazisinə vizasız giriş-çıxış edə bilirlər.

Azərbaycan reytinq siyahısında ötən illə müqayisədə 5 pillə irəliləyərək 65-ci yerdən 60-cı yerə yüksəlib. Belə ki, 2017-ci ildə Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız səyahət edə bildikləri halda, bu il onları sayı 71-ə çatıb. Azərbaycan 60-cı yeri Namibiya, Keniya və Kuba ilə bölüşür.

Reytinqə görə sıravi Azərbaycan vətəndaşları 34 ölkəyə vətəndaşlıq pasportu ilə gedə bilirlər. Digər 37 ölkənin isə sərhədində Azərbaycan vətəndaşlarına avtomatik viza verilir ki, bu da faktiki olaraq bu ölkələrə getmək üçün əvvəlcədən viza almaq tələb etmir.

Qonşu dövlətlərdən Rusiya 38 (116 ölkə), Gürcüstan və Türkiyə 39 (hər ikisində 115 ölkə), Ermənistan 63 (68 ölkə), İran isə 87-ci yerdə (42 ölkə) mövqe tutub.

BAKU.WS