SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünyanın istənilən ölkəsində insanların anidən həyat tərzlərini dəyişməsi təəccüblə qarşılanır.

Azərbaycanda xüsusilə dindar kəsimin nümayəndəsi qeyri-inanclıya çevrilərsə və ya əksinə olarsa bu daha qabarıq şəkildə özünü biruzə verir. İnsanların əksəriyyəti bunu qəbul etmir və ya həmin şəxsə qarşı müxtəlif şəkildə iradlarını bildirirlər.

Belə insanların sırasına qatılan şəxslərdən biri ilə həmsöhbət olub. Söhbət 9 il dindar kəsimin nümayəndəsi olduqdan sonra həyat tərzini tamamilə dəyişən müsahibimiz Arzuman Süleymanlıdan gedir. Onun dəyişikliyində əsas diqqət çəkən məqam əvvəlki dönəmləri ilə tamamilə zidd olan mühiti seçməsidir.

Belə ki, A.Süleymanov sosial şəbəkədə homoseksualların və LGBT üzvlərinin haqlarını müdafiə edir. Müsahibimizin bu fəaliyyəti bəzi dostlarının onunla münasibətinə son qoymasına gətirib çıxarıb. O, hazırkı halından məmnun olduğunu və bu yöndə fəaliyyətini davam etdirəcəyini söyləyir.

BAKU.WS Arzuman Süleymanovun minval.info-ya müsahibəsini təqdim edir:


– Arzuman bəy, özünüz haqda qısa məlumat verərdiniz. Necə oldu ki, dindən ayrıldınız?

Gəncə şəhərində doğulmuşam. Orta məktəbi burada oxumuşam. 18 yaşıma qədər Gəncədə böyümüşəm. Sonradan Bakıya köçdüm və həyatımı burda yaşamağa davam etdim. 11 yaşımdan ilk dəfə din barədə məlumatlandım və ibadətə başladım. 20 yaşıma qədər islam dinində olmuşam. Bu zamanda məsciddə xidmətçi olmuşam. Xidmət heyətini idarə etmişəm. Sonradan Bakıda məşhur məscidlərdən birinin sosial şəbəkədəki səhifəsini idarə etmişəm. Ayrılma səbəbim çox genişdir. Qısaca bildirsəm, ruhanilərin, məddahların (dini musiqi, mərsiyə oxuyanlar – red.) öz mənafeyi üzrə çalışması… Dindarların dünyagörüşün artırmaq yerinə, köhnə fikirləri təbliğ etmələri… Onları öz təsirləri altında saxlamağa çalışmaları səbəb oldu.


– Sizin həyatınızın dönüş nöqtəsi Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərdikdən sonra oldu. Bunu nə ilə əlaqələndirirsiniz?

– Dönüş nöqtəsi zehnimdə çoxdan olmuşdu. Lakin bu bir fürsət idi. Mənim fikrimcə, hər bir insanın həyatında fürsətlər olur. Fürsətləri layiqincə dəyərləndirmək isə həyatınızı dəyişir. Beynəlxalq bir tədbirdə çalışmaq, təlimlərdə iştirak etmək bir növ məni ayıltdı. Başa düşdüm ki, bu yol məni inkişaf etdirəcək və həyatda hər bir uğurlu insan kimi öz həyatımı layiqincə yaşaya bilərəm. Avropa oyunlarında bizə öyrədilən ilk şey sual vermək, sorğulamaq haqqımızın olduğu idi.

– 9 il az müddət deyil. Bir fürsətdə tamamilə dəyişmək qərarı çətin olmadı?

Əslində, bir fürsətdə dəyişmək deməzdim. Mənim ətrafımda olan keçmiş dostlarım bilirdi, mənim yenilikçi və inkişaf etməyə meyilli olduğumu. Sadəcə, bir çox dindarlar sorğu-sual etmir və nə deyilirdisə icra edirdilər. Səbəb isə dini rəhbərlərin "niyə” sualını vermək olmaz sözünü onların zehinlərinə yeritməsi olub.

– Dəyişikliyinizi dini camiəyə etirazın kimi qəbul etmək olar?

– Maraqlı sualdır. Xeyr, belə hesab etmirəm. Çünki ciddi bir dəyişiklik Avropa Oyunlarında deyil, Qafqaz Motofestivalda işlədiyim zaman oldu. Dəyişikliyimi isə etiraz olaraq qəbul edilməsini istəməzdim.

– Tamam, o zaman sualı təkrarlayaq. Həmin festivalda nə səbəb oldu dəyişikliyinizə?

– Əslində, hər hansı bir səbəbi göstərə bilmərəm. Sadəcə, daxilimdən gələn səsi dinləyərək hərəkət etdim. Dindarların isə məni "top atəşinə” tutmağına səbəb Lady Gaganın tributu (oxşarı – red.) ilə qucaqlaşıb şəkil çəkdirməyim oldu. Təsəvvür edə bilməyəcəyim qədər kobudluqla qarşılaşdım. Normal insanın ən yaxşı halda etməli olduğu, məni dostluqdan çıxarıb əlaqələri kəsmələri olduğu halda, dindarlar məni təhqir etməyi və zorla "sən bunu edə bilməzsən” fikirləri yazmaları məni ciddi narahat etdi.


– Elə bu mövzuya gələcəkdim. Dindarların sizin dəyişikliyinizə reaksiyası necə oldu?

– Reaksiya barədə əlavə olaraq onu deyə bilərəm ki, mənim şortiklə qısa qol köynəkdə, Lady Gaganın tributu ilə olan şəkillərimi adını çəkmək istəmədiyim məşhur ilahiyyatçıya (münasibətim olduğu) gödərib "bu da sizin məscidə gələn, yanınızda olan gəncin etdikləri” deyə yazmışdılar. Maraqlıdır ki, bunu etməklə nə etmək istəyirdilər?!

– Həmin ilahiyyatçı sizinlə əlaqə saxladımı?

– Xeyr. Dindarlara verdiyi cavab məndə olan məlumata görə belə olub. "Şəxsi həyatıdır bizim müdaxilə etməyə ixtiyarımız yoxdur.”

– Hazırda hansı fəaliyyətlə məşğulsunuz?

– Beynəlxalq kosmstika şirkətində Network marketinq kordinator vəzifəsində işləyirəm. Əlavə olaraq freelancer işlərdə də çalışıram.

– Sosial şəbəkələrdə homoseksualların haqlarını müdafiə edirsiniz. Bu barədə nə deyə bilərsən?

– Məqsədim homoseksual insanların hər bir vətəndaş kimi azad, müstəqil və rahat yaşamalarıdır. İnsanların onlara qarşı aqressiv olmamaları üçün bacardığımı edirəm. Əslində, dostluğumda olanların bəziləri sərt reaksiya verir. Lakin mən əminliklə deyə bilərəm ki, onların içərsində homoseksual olanlar da var. Cəmiyyətdə özlərinin homoseksuallığını gizlətmək üçün digər homoseksual şəxsləri təhqir etməyi çıxış yolu görürlər. Lakin bu, çox səhv addımdır.


– Rəylərinizdən birində LGBT-nin fəal üzvü olduğunuzu yazmısınız. Bu, rəsmidir yoxsa qeyri-rəsmi? Hansı öhdəlikləri üzərinizə götürmüsünüz?

– Məndə olan məlumata görə Azərbaycanda rəsmi fəaliyyət göstərən bir LGBT var. Digərləri qeyri-rəsmi internet üzərindən fəaliyyət göstərir. Lakin mən heç birində üzv deyiləm. Öz üzərimə heç bir öhdəlik götürməmişəm. Öz imkanlarım daxilində insanları maarifləndirməyə çalışıram.

– Belə deyək, öz istəyinizə əsasən, onların haqlarını müdafiə etməyə çalışırsınız və buna görə özünüzü sözügedən təşkilatın fəalı hesab edirsiniz?

– Sözügedən təşkilatın gözəçarpan bir fəaliyyəti yoxdur. Çox istərdim, daha çox maarifləndirici işlər aparılsın. LGBT üzrə məndən də çox fəaliyyəti olan insanlar var. Buna görə özümü fəal hesab etmirəm.

– Təşkilat üzvləri ilə görüşləriniz və tədbirlərin olurmu?

– Təşkilat əməkdaşları ilə mütəmadi olaraq görüşürəm. Lakin tədbirlərin keçirilməsini görməmişəm. Bildiyiniz kimi, bizim ölkədə bu barədə tədbirlər keçirilməsi üçün rəsmi qurum fəaliyyət göstərməlidir. Keçən il olan həbslər buna nümunədir.

– Sizin fikrinizcə, LGBT üzvləri dünyanın hər bir yerində arzuladıqları kimi yaşamalı və tədbirlərin keçirilməsinə heç bir maneə olmamalıdır?

– Arzuladıqları kimi yaşamalı deyəndə nəyi nəzərdə tutursunuz? Homoseksuallara qarşı istənilən basqının və təzyiqlərin olmamasını istəyirəm.

– Məsələn, şəhərdə iki sevgili kimi normal, rahat münasibət bəsləsinlər bir-birinə?

– Niyə də yox?! Axı burada heç bir eyib və ya əxlaqsızlıq yoxdur.

– Sizin düşüncələrinizlə bərabər, xarici görkəminiz də dəyişdi. O cümlədən mühitiniz də. Bu, dostlarınız, yaxınlarınız tərəfindən necə qarşılandı?

– Dünyagörüşü və insanların şəxsi həyatına müdaxilə etməyin yaxşı olmadığını bilən dostlarım çox normal yanaşdılar. Lakin bəzi insanlar əlaqələrini kəsdilər. Buna isə heç üzülmədim. Bəzi insanların düşüncəsində belə fikir formalaşdırıblar. Homoseksual insanlara uşaqlarımız baxıb onlar kimi olmaq istəyir. Bu fikir kökündən yanlışdır. Heç bir şəxs homoseksuala baxıb "mən də onun kimi olmaq istəyirəm” demir.


– Özünüzü daha çox harada yaxşı hiss edirsiniz? Keçmişdəki həyat tərziniz, yoxsa indiki?

Özümü daha çox inkişaf etmiş xarici ölkələrdə olanda yaxşı hiss edirəm. Bizim cəmiyyət başqasının həyatına müdaxilə etməyi özünə borc bilir. Əvvəlki yaşamıma əsla qayıtmaram. Çünki əvvəlki həyatımda özüm kimi olmuram. Başqalarının istədiyi biri oluram. "Ən böyük uğur özün kimi olmaqdır.”

Arzuman bəy bizdən "Cəmiyyətin homoseksuallara münasibəti” və "Homofoblara çatdırmaq istədiyiniz mesaj varmı” suallarını eşitmək istədiyini bildirdi. Onun istəyinə uyğun olaraq müsahibimizə bu imkanı yaratdıq.

– Cəmiyyətin homoseksuallara münasibəti?

– Cəmiyyətin əvvəlki illərə nisbətən homoseksuallara münasibəti yaxşıya doğru dəyişib. Amma hələ də onlara qarşı çoxlarının münasibəti pisdir. Gey olmaq keyfiyyətsiz, əxlaqsız insan kimi qiymətləndirilir. Halbuki şəxsən tanıdığım insanlar var ki, çox yaxşı işlərdə işləyir və ətrafına qarşı heç bir əxlaqsızlıq etmir. Əksinə, küçədə gedən zaman onları ələ salır, təhqir edir və söz atırlar. Geylərə xəstə insan kimi baxılması isə ayrı bir problemdir.

– Homofoblara çatdırmaq istədiyiniz mesaj varmı?

– Bir dəfə peşəkar xarici psixoloqla söhbətim zamanı belə bir ifadə işlətdi. Straight (heteroseksual) insandan soruşa bilməzsən "sən necə oldu belə oldun?” Bəs niyə homoseksualdan bu sualı soruşurlar?! Digər bir psixoloq isə bildirdi ki, "Heteroseksual insanları homoseksuallar narahat etmir. Heteroseksual olduğunu deyən və homofob olan insanların daxilində homoseksuallığa meyl var”. LGBT fərdlərinin həyatı heç də asan deyil. Onlar özlərini qəbul etməkdə, keçdikləri adaptasiya dönəmində çox çətinlik çəkirlər. Cəmiyyət olaraq da bir yandan basqı etdikdə çox ağır dönəmlərdən keçirlər. Hər bir insan kimi ona da yanaşılmalı və fərq qoyulmamalıdır.

– Gəncə, yoxsa Bakı?

Böyüdükcə hiss etdim ki, Gəncədə mənə daha çətin olacaq. İşlə bağlı sonradan təhsilimidə Bakıda aldım. Qərar verdim ki, burada yaşayım. Gəncədə daha kəskin, daha sərt reaksiyalar olduğu halda Bakı paytaxt olduğundan daha çox turist qəbul etdiyindən və ya başqa səbəblərdən daha rahatdır.

BAKU.WS