SİZİN REKLAM BURADA!
055 213 76 73



İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı Səhiyyə Nazirliyi açıqlama verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova BAKU.WS-ə bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə bildirib ki, nazirliyin mütəxəssisləri, şöbə və xidmət rəisləri əraziyə ezam olunub: " Araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: "Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır. Sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib. Ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər".

BAKU.WS