SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS Bali – “Qəzəbli tanrılar” adasından reportajı təqdim edir:

Təbii ki, Bali haqqında hər kəs eşidib. Əfsanəvi ada əsaslı şəkildə məşhurlaşıb, çünki Bali dünyadaki heç bir adaya bənzəmir və ən vacib məqam da odur ki, məhz Balidə tutulan arzular hər zaman gərçəkləşir...

İlk növbədə, Bali sizi yaşıl təbiəti və maraqlı məmarlığı ilə özünə aşiq edəcək. Yerli əhali müxtəlif tanrılara sitayiş edir. Burada əsas dinlər Hinduizm və Buddizimdir. Bu səbəbdən hər addımbaşı müxtəlif tanrı heykəllərinə rast gələcəksiniz. Onlar çox qeyri-adi, bəzən dəhşətli ola bilər, lakin əmin olun ki, bu cür memarlığı dünyanın heç bir yerində görməyəcəksiniz. Bali - başqa bir ailəmdir. Bali - həm də məbədlər adasıdır, burada 20 mindən artıq məbəd mövcuddur. Adaya səyahət etdikdə onun mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün mütləq hər hansı məbədi ziyarət etmək lazımdır. Ən məşhur məbəd isə Pura Tanah Lot məbədidir, bu məbəd okeanın içərisində yerləşir, oranı ancaq okean geriyə çəkiləndə ziyarət etmək olur. Məbədlərin daxili isə özəl memarlığı ilə cəzb edir, buralar nə məscid, nə də kilsəyə bənzəyir. Hər tərəfdə sizi kiçik və böyük tanrı abidələri əhatə edir, onlar çox vaxt qorxunc və qəzəbli, sanki sözündən çıxsan səni yerində məhv edər baxışları ilə izləyir. Məbəddə isə yerli əhalinin hər hansısa tanrıya dua etməyini müşaidə etmək olur, bir sözlə, burada bütpərəslik öz çiçəklənmə dövrünü yaşayır.

Baliyə yolunuz düşsə, mütləq Keçak rəqsini seyr edin. Keçak Rəqsi –Balinin məşhur musiqili dram rəqsidir. Adətən rəqsi 100 nəfərdən ibarət rəqqas qrupu təqdim edir, Səhnə isə sizi ibtidai icma quruluşu dövrünə aparır, özünüzü bir anlıq “Survivor” verilişinin qəhrəmanı kimi hiss edirsiz. Qorxuya bürünərək bu dəstənin sizi supa qataraq öz şam yeməyinə çevirəcəyini düşünürsüz. Səhnədə baş verən müsbət və mənfi qüvvələrin savaşı, artistlərin qeyri-adi geyimləri və qrim üslubu, indiyədək gördüyünüz bütün performanslardan fərqlidir. Hind və Sakit okeanları arasında yerləşən adanın möcüzələri saymaqla bitmir.

Balinin digər maraq mərkəzi isə yerli dildə Alas Kedaton adlandırılan “Meymunlar Meşəsi”dir. Meşədə yaşıllıq və məbədlərin içində sözün əsl mənasında müxtəlif növ meymunlar yaşayır. Meşəyə girməzdən əvvəl ciblərinizdən və üzərinizdən bütün qiymətli əşyalarınızı çıxardın, çünki burada müqəddəs sayılan balacalar, həm də bacarıqlı (peşəkar) oğrudurlar! Adaya gəlib çimərliyə getməmək günah olar, təlatümlu Hind okeanı surfing sevənlər üçün ideal seçimdir. Təbii ki, ağ qumlu çimərliklər turistlər arasında çox məşhurdur. Lakin günəş burada inanılmaz dərəcədə yandırıcı olduğuna görə bütün təhlükəsizlik təbdirlərini nəzərə alın, günəş kreminiz bol olsun.

Bilgi üçün:

1. Bali adası İndoneziya Respublikasına daxildir. İndoneziyanın əksər əhalisi müsəlmanlardan ibarətdir, lakin ölkədə bir neçə dinin nümayəndələri dinc şəkildə birgə yaşayırlar.

2. Yerli mətbəxt əsasən dəniz məhsullarından ibarətdir. Çox ədviyyatlı, acı və şirin... Bəzən Azərbaycan insanının zövqünə uyğun olmaya bilər, lakin adada tanınmış FastFood yeməkləri insanları aclıqdan xilas edir. Elə məhz turistlərin çoxu FastFoodla qidalanır.

3. Balidə ictimai nəqliyyat yoxdur. Turistlər motosiklet icarəyə götürürlər, yaxud taksi xidmətlərindən istifadə edirlər. Ancaq taksi seçiminizdə çox diqqətli olun, adada taksi xidməti ilə məşqul olan fırıldaqçıların sayı az deyil.

Anaxanım Məhərrəmqızı
BAKU.WS