VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün dünyada Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən tanınmış fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin xatirəsinə ehtiram olaraq təsis edilib.

BAKU.WS xəbər verir ki, “Report” bu münasibətlə xalq artisti, prezident təqaüdçüsü, xoreoqraf-baletmeyster Roza Cəlilovadan müsahibə alıb.

Məlumat üçün bildirək ki, Roza Cəlilova 1929-cu il mayın 17-də doğulub. İki həftə sonra onun 89 yaşı tamam olacaq.

- Bu gün Beynəlxalq Rəqs Günüdür. Azərbaycan rəqsinin hazırkı vəziyyəti sizi qane edirmi?

- İnsanlara milli musiqini sevdirmək lazımdır. Çox dinlətmək lazımdır ki, insanların yaddaşına həkk olunsun. Mən baletdən xalq rəqsinə sevərək keçid etmişəm. İstəyirəm ki, indi xalq rəqsinə gələnlər mənim kimi sevib gəlsinlər. Hazırda rəqqasələr toylarda 5-10 manata oynayıb rəqslərimizi ucuzlaşdırırlar. Mən qətiyyən qarşıyam ki, rəqqasə milli geyimdə toyda rəqs etsin, sonra da plov paylasın. Pul qazanmaq üçün rəqs öyrənirlər. Axı, bu, nəyə lazımdır? Dövlət hər cür şərait yaradıb, bunun üçün əsl sənətkara qiymət verirlər.

- Günahı kimdə görürsünüz?

- Restoran rəhbərlərində. Onlar bunu şan-şöhrət kimi qəbul edirlər. Ancaq onların vicdanı olsa, rəqsimizi bu səviyyəyə salmazlar. Plovu xidmətçi gətirməlidir. Xatırlayırsınsa, “Qaraca qız” filmində qaraçılar uşağı oynadıb pul alırdılar. Mən restoranda oynayan rəqqasələri də “qaraçı” adlandırardım. Onlar mənim nənələrimin zər-zibalı geyimləri ilə bu işi görməklə böyük günaha batırlar.

- Buna kim nəzarət etməlidir?

- Əvvəl Bədii Şura var idi. Əgər qız ansamblda işləyirdisə, icazəsiz televiziyaya belə çıxa bilmirdi. Tarzən Hacı Məmmədov toyda çaldığına görə, onu cərimələyib 6 aylığa uzaqlaşdırmışdılar. Bir dəfə televiziyaya çıxdım. Mənimlə bərabər məndən 10 il sonra ad almış müğənnini də dəvət etmişdilər. Birdən eşitdim ki, konsertin adı həmin müğənninin iştirakı ilə anons edilir. Mən dərhal geyimimi dəyişib oradan çıxdım. Dedilər Roza xanım nə edirsiniz? Dedim mən ondan əvvəl ad almışam, necə olur konsert onun adı ilə qeyd olunur?! Bax, rəqqasələr belə iddialı olmalıdırlar.


- Dərs almaq üçün müraciət edən rəqqasələr varmı?

- Mənə yaraşmaz bunu demək…

- Siz zamanında professional, işinin ustası olan insanlarla işləmisiniz. İndi belə bir bədii rəhbər varmı?

- Yoxdur. Çünki onları axtarıb tapan da yoxdur. Dövlət Rəqs Ansamblına çeçen əsilli baletmeyster gətirmişdilər. Onunla rəhbərlik arasında savaş gedirdi. Mən 88 yaşında gedib 20 qız üçün 2 rəqs qurdum. O isə paxıllıqdan bu rəqsləri gizlətdi ki, necə yəni Azərbaycanda bu yaşda xoreoqraf var? Mən bu barədə nazirliyə dedim. Nazir göstəriş verdi ki, həmin rəqsi axtarıb tapsınlar.

Mən “Ağçiçək” rəqsini quranda rəqqasə idim və 55 ildir bu rəqs hələ də oynanılır.

- Qarşınıza maneələr qoyanlar olubmu?

- O vaxt Moskvaya gedəndə Bakıdan yuxarıya anonim yazırdılar ki, məni göndərməsinlər. Anonim yazıya isə çox diqqət edirdilər. Buna görə də Filarmoniyanın müdiri dərhal yazırdı ki, Roza Cəlilova artıq yola çıxıb və məni tez göndərirdilər. Sonradan Moskvadan zəng edib mənə görə təşəkkür ediblər.


- Bir çox ölkələrdə qastrol səfərlərində olmusunuz. Bunlardan daha çox hansı yadınızda qalıb?

- Mənim rəhbərlik etdiyim "Gülüstan" rəqs ansamblı vardı. Azərbaycandan ABŞ-a rəsmi dəvət əsasında ilk dəfə mənim ansambılım qastrol səfərinə gedib. Həmin kollektivdə müxtəlif peşə sahibi olan qızlar təmsil olunurdular. Biz dəvəti alandan sonra 6-7 ay ərazidə yeni proqramla hazırlaşdıq. Səfərimiz uğurlu oldu. Ölkələr içərisində ən çox bizi çəkirdilər. Çünki geyimimiz də, musiqimiz də gözəl idi. Bəzək əşyalarını mən Dağıstanda özüm hazırlatdım. İstədim ABŞ-da görsünlər ki, mənim ulu nənələrim qızılın içində olublar. İndi 8 yaşında uşağın başına tac taxıb oynadırlar. Ayıbdır! İndidən zər-ziba geyindirirsiniz, bəs böyüyəndə nə edəcəksiniz?

- Xarici rəqslər də oynamısınız?

- Hind rəqsini 1937-ci ildə Azərbaycana mən gətirmişəm. Məni orada gördülər, öyrətdilər, paltarlarını, ayaq, əl zənglərini və notanı bağışladılar. Dedilər ki, sən gözəl oynadın.


- Bəyəndiyiniz rəqs qrupu varmı?

- Xalq artisti Cəmilə Bayramovanın rəhbərlik etdiyi “Dəcəl qızlar” ansamblını çox bəyənirəm. Afərin ona. Uşaqlara uyğun gözəl geyim tikdirib və rəqs qurub.

"Azəri inciləri" rəqs qrupunun, "Təbəssüm" Uşaq Teatrının fəaliyyəti də təqdirəlayiqdir.


- Səhhətinizə görə səhnəyə çıxmadığınız hallar olubmu?

- Sənətimin ucbatından... Gənc vaxtlarımda səhhətimdə ciddi problem olmayıb. Amma zaman insanın sağlamlığına da təsir göstərir. Bəzən 40 dərəcə temperatur olurdu. Gecə bankalayırdılar, səhər çıxıb oynayırdım. Bəstəkar Vasif Adıgözəlov mənə deyirdi ki, istirahət et. Mən deyirdim yox, səhnədə olmalıyam. Allah cansağlığı versin, 90 illiyim Azərbaycan Dövlət Akademik Filarmoniyasında qeyd olunacaq.

- Bu müsahibə üçün son sözünüz...

- Hər kəs öz qiymətini bilməlidir. Səviyyəsiz insan bu sənəti seçməməlidir. Bu sənət əziyyətlidir, əzəmətlidir, zəhməti sevir, lakin şərəflidir. Şərəfi yerə salmayın...

BAKU.WS