SİZİN REKLAM BURADA!
055 213 76 73



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumatda, martın 30-dan 31-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyi əsəcəyi bildirilmişdi və əhaliyə xəbərdarlıq olunmuşdu.

Təhsil Nazirliyi bununla bağlı tələbə və şagirdləri diqqətli olmağa, xüsusilə azyaşlı məktəb şagirdlərinin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırış etmişdi. Eyni zamanda, Bakıda və Abşeron yarımadasında fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərlərindən göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri xahiş olunmuşdu.

Bununla bağlı olaraq bu gün təhsil müəssisələrinin bir çoxunda, əsasən də orta məktəblərdə davamiyyətin aşağı düşməsi məktəb direktorları ilə valideynlər arasında bəzi problemlərin yaranmasına gətirib çıxarıb. Məktəbə getməyən uşaqların valideynləri uşaqlara qayıb yazılmağını istəməyiblər.

Bu məsələ ilə bağlı olaraq BAKU.WS saytının əməkdaşı Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov əlaqə saxlayıb.

Küləkli hava şəraiti dərslərin dayandırılması anlamına gəlmir. Bunu, Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib.

Cəsarət Valehov açıqlamasında bildirib ki:

“Biz sadəcə məlumat vermişdik. Məlumat isə sadəcə ondan ibarət idi ki, valideynlər, müəllimlər, məktəb rəhbərləri eləcə də şagirdlər diqqətli olsunlar. Yəni qeyri-sabit keçən hava şəraiti zamanı yaranan fəsadlara qarşı hazırlıqlı olsunlar. Amma bu o anlama gəlmir ki, dərslər dayandırılıb və ya təxirə salınıb. Biz dərslərin dayandırılması barədə məlumat yayımlamamışıq.Davamiyyətlə bağlı olaraq, Bakı Şəhər Təhsil İdarəsi müvafiq olaraq bunu müşahidə edir. Yəqin ki, günün ikinci yarısında bununla bağlı tam məlumat vermək olar”.

Nihat HÜSEYNZADƏ
BAKU.WS