SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumu keçirilib.
 
BAKU.WS-in məlumatına görə, prezident İlham Əliyev və xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Forumda iştirak ediblər. Prezident İlham Əliyev Forumda çıxış edib.

Dövlət başçısı əvvəlcə noyabrın 13-də Parisdə baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Bildirib ki, bu dəhşətli terror hadisəsi beynəlxalq ictimaiyyətin bu bəla ilə mübarizə aparmaq üçün öz səylərini birləşdirməli olduğunu bir daha göstərir. Prezident İlham Əliyev keçmişdə çoxsaylı terror hadisələrindən əziyyət çəkən Azərbaycanın terrorizmə qarşı mübarizədəki rolundan danışıb.

Azərbaycan-UNESCO əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin bu təşkilatın fəal üzvü kimi bəşəri dəyərlərin təşviqinə öz töhfəsini verməkdə davam etdiyini dedi. Bildirdi ki, Azərbaycan UNESCO-nun bütün konvensiyalarını və digər sənədlərini imzalayıb, ratifikasiya edib. 2003-cü ildə Azərbaycan və UNESCO arasında mədəniyyət, elm, təhsil və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi imzalanıb. Bu, Azərbaycana UNESCO-nun donorlarından birinə çevrilmək imkanı verib. Prezident İlham Əliyev əminliklə vurğuladı ki, UNESCO-nun təhsil, mədəniyyət və elm sahələrinin inkişafına verdiyi dəstək dünyamızı daha da təhlükəsiz edəcək.

Dövlət başçısı dedi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin Ermənistan tərəfindən işğalı bu günə kimi davam edir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Çoxlu sayda tarixi abidələrimiz, muzeylərimiz ermənilər tərəfindən tamamilə dağıdılıb. Prezident İlham Əliyev Ermənistanın nəinki beynəlxalq hüquq normalarını, həm də tarixi ədaləti pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrə məhəl qoymadığını vurğuladı. "Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”, - deyən Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bildirdi.

Dövlət başçısı Azərbaycanda mövcud olan tolerantlıqdan, multikulturalizmdən danışdı, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa töhfələri barədə Forum iştirakçılarına ətraflı məlumat verdi. Prezident İlham Əliyev UNESCO-nun 70 illiyi münasibətilə Forum iştirakçılarına təbriklərini çatdırdı.
 
BAKU.WS