SİZİN REKLAM BURADA!
055 213 76 73



Bura Novxanıdır, bəlkə, çoxunuz bu qapıdan, hasarın yanından keçib laqeydcəsinə yolunuza davam etmisiz. Amma hasarın o tayında bir sevgi adası var... Bir-iki saatlıq da olsa mən də o sevgi dünyasının qonağı oldum. Ora həm də nakam sevginin gücündən yaranan cənnət bağıdır. Cənnət deyəndə haqqında çox eşitdiyimiz, nə vaxtsa görməyə ümidləndiyimiz məkan ağıla gəlir. O isə yer üzündə həqiqi cənnəti yaradıb. 


Yol boyu çox həyəcanlı idim, şəkillərdə görüb xəyalımda canlandırdığım, nakam məhəbbətdən yaranan, maraqlı tarixçəsi olan bağa gedirdik. Həyəcanlanmağıma səbəb isə füsunkar bağda keçirəcəyim gündən çox sevdiyi xanıma qovuşa bilməyən, onun üçün yer üzündə cənnət yaradan şəxslə tanış olmaq idi. Məkana daxil olanda bizi cənnətin "Allah”ı qarşıladı.

Həmsöhbətim əslən Masallıdan olan, Xəzər sahilində əsl cənnət yaradan Rauf Rəhimovdur. Onun çox maraqlı taleyi var. Sevdiyi xanıma qovuşa bilməsə də, sevgililər üçün yer üzündə cənnət yaradır:

"Əczaçıyam, 30 il aptek müdiri olmuşam. Masallıda aptekim, bağım vardı. Əczaxananı bağladım ki, kədər yuvasıdır. Orada duyğularım duru ola bilmirdi, qədərli qəmli olurdum.

1991-ci ilin sonlarında bu ləpədöyəndə, Xəzərin sahilində bu "cənnət”i yaratmışam. Sevdiyim xanım vardı, ona fərqli çiçəklər vermək istəyirdim. Öz zəhmətimlə ona çiçək hazırlayacaqdım, bu müddət çox uzun oldu və biz ayrıldıq. Mən də sevgimi buraya həsr etdim. Bu bağ mənim ürəyimdəki sevginin cənnətidir.

İndi isə mənim yarım İlahidir, mən Allahdan ötrü yaradıram. Burada vətən sevgisi var, hər daşın öz mənası var”.

Bəzən qəzəllər yazan Rauf bəy bağına həsr etdiyi şeiri bizim üçün səsləndirir:

Burada toplanıb hər yerin daşı
Daşlar gül çiçəyin brilliant qaşı
Ovdanın bilinmir neçədir yaşı
Torpağın zümrüddən zolağı vardır.

Biz bağı gəzməyə başlayırıq. Müsahibim davam edir:

"Xurma ağacı yeyilə bilən dizayndır, bağı bəzəyir. Güllərin şahı qızılgül isə bəzəkdir. Mən onu elə yerləşdirmişəm ki, bağı gəzən insanlar onun başına dönsün. Gərək yarının, sevgilinin başına fırlanasan. Kimliyindən asılı olmayaraq mən hər bir kəsi məcbur edirəm ki, gülün başına fırlanıb onu sevsin. Bağımda yaranmış hər bir əsərdə sevgi, məhəbbət, məntiq, fəlsəfə var, adamı düşündürür. Ona görə bağım sevilir. Qəbiristanlıqda əkilən adi sərv ağacına mən qədəh formasını vermişəm. Qədəhlər xoş günlərdə süfrəyə qoyulur.

Kəsmişəm sərvlərimi badə kimi, badə olub.
Baxıram sərvlərimə mənə toy-nişan görünür.

"Ayı yaxşı heyvandır. Mən də ayının içərisində mağara yaratmışam, yayda sərinlənirik. Əsas odur ki, bərk gedən heyvan deyil. Mən bərkgedənləri sevmirəm. Şirləri çöldə, tısbağanı bağımın içərisində qoymuşam.
Həyətimdə dar ağacı da var. Dar ağacından adamı asmazlar. Dar ağacından gül, nur asarlar. Amerika deyir ki, demokratdı, amma Səddam Hüseyni dar ağacından asdılar. İnsanı asmaq olmaz, onun tərəfdarı deyiləm, dar ağacının statusunu dəyişmişəm”.

Rauf bəyin daşlardan hazırladığı Qız qalasına yaxınlaşırıq:

"Bu qız qalasıdır, qızı da özünü atmağa qoymuram. Onu sevdiyinə ərə verəcəm, toyunu da burada edəcəm. "Aşiq olanın sevgili cananı vətəndir” hər bir kəsin dilində, əlində, qəlbində, gülündə, külündə vətən olmalıdır”.

Məkanının maraqlı qonaqlarından da bəhs edən ev sahibi bildirir ki, qonaqları kimliklərinə və təbəqələrinə görə ayırmır:

"Burada nazir də, ərəb şeyxi də, siravi vətəndaş da qonaq olub. Ərəb şeyxləri ilə quş, balıq ovuna gedirik. Onlar burada məclislər qururlar.

Qonağım olan Amerikanın səfiri sual verdi ki, niyə şiri darvazanın qabağına, tısbağanı bağın içərisinə qoymuşam. Şir bərkgedəndir. Ona görə onu bağımdan kənarlaşdırmışam. Tısbağa isə yavaş həyat tərzi sürür, amma hər yerdə yaşayır. Bu da mənim bağımın fəlsəfəsinə uyğun gəlir. Mənim qapım hər kəsin üzünə açıqdır. əsas məhəbbətdir. Stol başında oturan hər insan şərafət sahibi deyil. Şərafət insanın özündə olmalıdır. O qədər nazirlər var ki, dünənə kimi kreslosunda oturmuşdu deyə şərafət sahibi idi, bu gün vəzifəsindən uzaqlaşdığı üçün xalq ağzına gələni deyil. Dünənə kimi hörmətli olan bu gün statusunu itirir. Ona görə insanlara özlərinə görə qiymət verirəm”.

Rauf dayı onun dünyasını anlayan qonaqları daha çox sevdiyini də sözlərinə əlavə edir:

"İngiltərə Oxford Universitetinin rektoru Filipp gəlmişdi. Ondan bağ haqda təəssüratını soruşdular. O dedi ki, şokdayam, daha sonra münasibət bildirəcəm. Burada imkanlı adamın qonağı idi. 8 litr pivə içdi. İçəndən sonra dedi ki, bir landşaf, bir də arxitektura var, 18 il Oxford Universitetində botanikadan dərs deyib, bu sahənin alimidir, burada gördüyü qeyri-adiliyi heç yerdə görməyib.

O, mənim üçün maraqlı qonaq idi, çünki işimi anlayırdı. Mənim bağımda maraqlı adamlardan biri də Məmməd Araz idi. Bu bağa gəlməyi çox sevirdi.

Türkiyədən məşhur adamlar gəlmişdi. Dedilər ki, çoxlu pul verəcəklər, onlar üçün belə gözəllik yaradım. Bildirdim ki, bunlar mənim balalarımdır qoyub gedə bilmərəm. Mənə pul lazım deyil. Allaha pulla xidmət edən, şeytana da pulla xidmət edər. Pul aludəçisi olmaq istəmirəm. Pul lazım olsa, bağın qapılarını açıb 50 manatdan gündə 10 çaynik verərəm. Mən pul adamı deyiləm, istəyirəm gözəllik yaradam. Burada təbiət sevərlər klubu etmək istəyirəm. Gərək vətənimiz cənnətə dönsün. Azərbaycanlını inək doğmayıb ki... Gözəl şeylər Amerikada, Avropada olmalıdır? Bizdə birlik olsa, biz vətənimizi cənnətə çevirərik”.

Rauf bəy bildirir ki, rəsmi şəxslər, nazirlər qonağı olsa da, özü isə onların bağında çalışmaqdan imtina edir:

"Əvvəllər rəhbərlərin adını deməyi insan özünə şan-şöhrət bilirdi. İndi onlar adlarının açıqlanmasını istəmir. Nazirlərin bağında işləyən adamlar onlardan savadlı insanları qəbul etmirlər, istəmirlər ki, onlardan bacarıqlı insanlar bağda işləsin. Yaxşı pul qazandıqları üçün kənar şəxsləri yaxına buraxmırlar. Biz nə qədər gözəllik yaratsaq da, hazırladıqlarımızı zay edirlər, əkdiklərimə problem yaradırlar. Bizi hörmətdən salırlar, bizi incidirlər. Təbiəti başa düşən insanlarla çalışmaqdan həzz alıram.”

Sevdiyi qadına sadiq qalan həmsöhbətim evlənməməyinin də səbəbini belə izah edir:

"Gərək yarın sənə uyğun ola, yar sabah sənə əğyar olacaqsa, tək olmaq yaxşıdır. Mən təbiəti sevirəmsə, xanımım da təbiəti sevməlidir. Hər insanın alın yazısı var. Mənim üçün belə həyat doğmadır, azad yaşayıram”.

BAKU.WS