SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün mərhum satirik şair Baba Pünhanın doğum günüdür.

BAKU.WS məlumat verir ki, Baba Pünhan 1948-ci il noyabr ayının 5-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. 1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə başlayıb. 1963-cü ildə 8-ci sinfi bitirib Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyun ayında texnikumu bitirdikdən sonra Bakı Metropolitenində mexanik işləməyə başlayıb.  1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.

Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə üsyan edib. 2 il müddətində "Zarafat" qəzetində çalışıb. Sonralar "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində çap olunub.

1998-ci ildə "ANS" kanalının "Qulp" verlişinə dəvət olunub. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqın sevimlisinə çevrilib. 2000-ci ildə "Azərbaycan" jurnalı tərəfindən "Hikmət Ziya" adına mükafata layiq görülüb. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub.
 
Baba Pünhanın 2000-ci ilin noyabr ayında "Acı həqiqət", sentyabrda "Yalan çeynəyə-çeynəyə", 2002-ci ilin avqust ayında "Mən nı dedim ki", 2004-cü ildə "Kim nə götürdü" adlı kitabları işıq üzü görüb.

2004-cü il aprel ayının 17-si Baba Pünhan vəfat edib. Qəbri Kürdəxanı qəsəbəsindədir.
 
BAKU.WS