SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış aktyor Fərda Xudaverdiyevin Milli.Az-a müsahibə verib. BAKU.WS həmin müsahibəni təqdim edir:

- Fərda, uzun illərdir ki, yalnız komik rollara çəkilirsiniz. Nə vaxtsa ciddi bir rol oynamağı fikirləşirsiz?

- İnşallah ki, o təklif gələcək və mən həmin rolda oynayacağam. Allahın mənə verdiyi istedada çox inanıram. "Gecə qonağı 1" filmində mən bu tip rol oynamışdım. Allah etsin, elə təklif gəlsin ki, "Gecə qonağı 1" filmində etdiyim səhvləri çəkiləcəyim o filmdə etməyim. Etiraf edim ki, o filmdə ideal oynamamışdım. Çünki hazırlaşmağa vaxtım da yox idi.

- Nədənsə sizi "Gecə qonağı 2" filmində görmədik. Bununla belə təqdimata gəlmişdiniz. Bəlkə sizin yerinizə başqa aktyor olsaydı, təqdimata da gəlməzdi.

- Mənə çox dedilər ki, sizin yerinizə başqa aktyor olsaydı, gəlməzdi. Niyə gəlməsin axı? Kənanla iş birliyimiz alınmasa da, dostluğumuz, yoldaşlığımız davam edir. Mən bu dostluğu qorumaq üçün vaxtilə "Maşın şou"nun qalmaqallarına belə qarışmadım. Pərvinlə vaxtilə "Gecə qonağı 1", "Yalnış anlama" filmində bir yerdə çəkilmişəm. Hər ikisi ilə hazırda çox gözəl münasibətim var.

- Kənan Mahmudovun sizi "Gecə qonağı 2" filmində çəkməməsi hamı üçün gözlənilməz oldu. Filmə çəkilməməyinizin səbəbi nə idi?

- Filmə çəkilməməyimin səbəbi sırf maddiyat idi. Ümumiyyətlə, ortalıqda pul yox idi. Kənan gətirib 3-4 min ortalığa qoysaydı ki, qardaş, hələ ki, olan budur, hə, onda çəkilərdim. O, heç bunu da etmədi. Mənim içim yanırdı, özüm həmişə zəng edib deyirdim ki, Kənan "Gecə qonağı 2"- ni başlamaq lazımdır. Kollektivi yenidən mən bir araya yığdım. Kənan da deyir ki, Fərda pula görə çəkilmədi. Amma sən Fərdaya pul təklif etmədin axı! Kənanı da qınamıram, çünki əlində yox idi. Bir də ayıldım ki, Kənan filmi çəkir. Artıq hər şey çox gec idi.

- Buna görə aranızda inciklik yaranmışdı?

- Sözsüz ki, yaradıcı insanın içində bir qırıqlıq olur. Təbii ki, çox pis oldum. Film başlayanda Kənana zəng etdim, o da dedi ki, sən çəkilmədin də. Aramızı vuranların əksəriyyəti də qeyri-peşəkar jurnalistlər idi. Hal-hazırkı zəmanədə o qədər səhifələr var ki, qardaşı da qardaşa düşmən edərlər. Bu cür həssas məqamlarda bir az ağıllı davranmaq lazımdır. İki dost problemi öz aralarında həll etməlidir, media üzərindən göndərişlər olmamalıdır.

- Sizin yumorunuzu niyə "şit" adlandırırlar?

- Onlara, sadəcə, bir söz demək istəyirəm: "Bizdən daha üst səviyyədə zarafat edin, baxıb biz də sizdən öyrənək. Yaxşısını çəkib, bizi şoka sala biləcəksinizsə çəkin. Biz özümüz yazırıq, özümüz "stand up" edirik. Şükür Allaha, bugünkü gündə buna gülənlərimiz də var. Fərda dollar deyil ki, hər kəs qatlayıb, "koşelyok"unun ən gözəl yerinə qoysun.

- Bu sözləri deyənlər vaxtilə sizə dəstək olublarmı?

- Mənə bugünkü gündə heç kəsin dəstəyi lazım deyil. Artıq mənim kiməsə dəstək olacaq yaşımdır. Bəlli bir kütləmiz var ki, onlar üçün işləyirik. Kim kimisə bəyənmirsə, Allah canlarını sağ etsin. Şansı verən, yolu açan Allahdır. Bəndə kimdir ki? Mənə dəstək olmayıblar, əksinə ayağımdan çəkiblər. O qədər ayağımdan dartırlar ki, geyindiyim şalvarların ayaqlarını 3 aydan bir yığdırıram (gülür). Mənim gecə-gündüz çəkdiyim əziyyətləri bir Allah bilir.

- O insanları bağışlamısız?

- Təbii ki, qəlbən bağışlamışam, amma yadımdan heç vaxt çıxmır. O insanlarla görüşürük də, öpüşürük də. Günəşə əllə saxlamaq olmaz! İstedada dəstək olmaq lazımdır. Bəsdir daha türkləri, rusları gətirib onlara pul xərclədik! Özümüz, özümüz, yenə də özümüz.

- "Stand up"larınızı çox zaman Cem Yılmazın "stand up"larına bənzədiblər. Bu, sizi qıcıqlandırmır ki?

- Vaxt gələcək Cem Yılmazın adını çəkəndə deyəcəklər ki, o kimdir? Bunun üçün maddi dəstək lazımdır. Maddi dəstək olun, sonra soruşun ki, niyə bu yoxdur, o yoxdur!

BAKU.WS