Vaqif Bəhmənlinin mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə yazdığı şeirə görə Nazirlik tərəfindən verilən töhmətə reaksiyalar müxtəlif olub.
 
BAKU.WS məlumat verir ki, yazıçıların bir qismi Bəhmənliyə dəstək olsalar da, digərləri onu bu addımına görə qınayıb.
 
Məsələ ilə bağlı yazıçı, jurnalist Rasim Qaracanın münasibətini öyrəndik. Rasim Qaraca nazirin qərarını dəstəklədiyini bildirdi. Onun sözlərinə görə gənc ədiblər bu qərardan dərs almalıdırlar:



"Vaqif Bəhmənlinin töhmət almasına qeyri-adi baxıram, dünya tarixində ilk dəfə belə hadisə olur. Nəhayət Azərbaycan yazıçısı yaltaqlığa görə öz şapalağını aldı, hadisə buna görə bu qədər səs-küyə səbəb oldu. S.Vurğunun, Rəsul Rzanın başlatmış olduğu rəhbərə mədhiyyə ənənəsi qırılmış oldu. Gənc ədiblər bundan dərs almalıdırlar".

Şair, publisist Qəşəm Nəcəfzadə şeirə görə Vaqif Bəhmənlinin qınanmasını doğru hesab etmədiyini deyib:


"Dostlar, haqsızlıq eləməyin, Vaqif Bəhmənli, dövrümüzün ən böyük şairidir. Vaqif təpədən-dırnağa şairdir, xalqımızın ləyaqətli oğludur".

Yazıçı Şərif Ağayar isə öz facebook hesabında bunları yazıb:


 
"Nazirlikdə bir müddət bax bu müəllimlə işləmişəm. Sonra istefa verdim. İndi məni qınayan qohum-qardaş baxsın görək, bu adamla necə işləyə bilərdim?" 

Yazıçı Kənan Hacı da şəxsi facebook profilində status yazaraq şairə dəstək olub:
 

 
"Vaqif Bəhmənli mənim işsiz vaxtlarımda öz çalışdığı qəzetə ("Humanitar qəzeti" ) çağırıb mənə iş verib. Həyatımın ən ağır məqamında mənə əl tutub. Onun yüzlərlə gözəl şeirləri var. Vaqif Bəhmənli gözəl şairdir. Nazirlikdə işlədiyi vaxtda bircə dəfə də olsun, ondan nəsə xahiş etməmişəm və heç bir təmənna ummamışam. İndi də ondan keçəcək bir işim yoxdur. Amma haqqı deməyi özümə borc bildim. Bir şeirə görə bir şairin üstünə bu qədər getməyi doğru hesab etmirəm" deyə o bildirib.

Ayşən Ayxan
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ