Bü günki qonağımız tanınmış azərbaycanlı həkim Sənan Cəfərovdur. O, 1999-cu ildə Türkiyə Respublikası İstanbul Universiteti Tibb Fakultəsinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünü bitirib. 2002-ci ildə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsinin Fizioterapiya bölməsində elmi dərəcə (uzmanlıq) alıb. 
 
1997-2007-ci illərdə Türkiyənin İstanbul Memorial Hospitalının Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri içləyib və professional idmanda Fizioterapiya ilə məşğul olub. 2004-2007-ci illərdə İstanbul Ortopediya mərkəzinin Fizioterapiya və Tibbi Reabilitasiya bölümünün şöbə müdiri işləyib. 2007-ci ildə İstanbulda Pediatrik reabilitasiya mərkəzinin rəhbəri və şöbə müdiri işləyib. 2009-2012-ci illərdə Mərkəzi Gömrük Hospitalında şöbə müdiri işləyib. 2012-2015- ci illərdə Bioloji Təbabət klinikasında şöbə müdiri işləyib. 2015-ci ildən Bakı Klinikasında şöbə müdiri işləyib. 
  
BAKU.WS Sənan Cəfərovla müsahibəni təqdim edir: 

- Fizioterapiya nədir? 
 
- Fizioterapiya yunan sözü olub, tam mənası təbiətin gücü ilə müalicə deməkdir. Fizioterapiya 2 əsas hissəsi var: elektro terapiya və reabilitasiya. Elektro terapiya tibbi avadanlıqlarla müalicə üsuludur. Reabilitasiya isə itirilmiş funksiyaların bərpası və təkrar sosial həyata qaytarılması mənasını verir.  
 
- Müasir terapiyada sizin üstünlükləriniz hansılardır?
 
- Bizim klinikada 600 kvadrat metr ərazini pasiyentlər üçün ayırmışıq. Burada kişilər, qadınlar və uşaqlar üçün xüsusi yerlər müəyyən edilib və bununla da daha rahat şəkildə müalicəni aparmaq mümkün olur. Dünyada ən çox tibb ABŞ və Avropa ölkələrində inkişa edir. Biz müasir fizioterapiyada tətbiq olunan ən son yenilikləri Bakı klinikasında həyata keçiririk. 
 
- Poliknilikalarda normal fizioterapiya 10 gün, dünya standartlarına görə 21 gün davam edir. Bəs sizdə bu müddət nə qədərdir?
 
- Azərbaycanda 10 gün davam edən müalicə Sovet dövründən qalan metoddur. Ancaq dünyada bir çox ölkələrdə 21 gün müalicə aparılır. Bunun səbəbi var. Çünki, biz müalicə zamanı xəstənin ağrılarını kəsmirik. O zaman da bəzən xəstənin ağrıları 7-8 gün davam edir. Bu vəziyyətdə 10 günlük müalicə zamanı heç bir ciddi nəticə əldə etmək olmaz. Bu zaman siz ağrını qıcıqlarındırırsız və xəstəni yola salırsınız. Ancaq 7-8 gün ağrıları artan xəstədə 10-cu gündən sonra regenerasiya prosesi başlayır və 21 gündən sonra tam müalicə mümkün olur. Bakı klinikasında dünya təcrübəsində olduğu kimi 21 günə xəstələr müalicə qəbul edir.
 
- Fizioterapiya hansı xəstələri müalicə edir? 
 
- Fizioterapiya müalicəsi zamanı biz bütün tibb sahələri ilə (beyin cərrahiyəsi, idmançı reabilitasiyası, nevroloji reabilitasiyası, ortepedik cərrahiyəsi, kardio cərrahiyə və s.) birlikdə işləyirik. Bizim əsas müalicə etdiyimiz xəstəlik osteoxondrozdur. Bu xəstəlik boyun, bel, döş fəqərəsinin arasındakı disk yırtıqlarıdır. Skolyoz xəstələrində onurğanın sağa və sola əyilməsidir. Kifoz onurğanın qabağa və ya arxaya əyilməsidir. Çiyin, çanaq, diz artrozu, əl biləyi və ayaq xəstəlikləri də son illər sürətlə artmaqdadır. Təzyiq yüksəldikdən sonra beyin qanaması keçirən, yol nəqliyyat hadisəsi zamanı xəsarət alandan sonra yaranan, anadan gəlmə iflicli xəstələri də müalicə edirik. Qohum-əqraba evlilikləri zamanı dünyaya gələn uşaqlarda müəyyən qüsurlar meydana gəlir. Bütün bu xəstəlikləri biz fizioterapiya vasitəsi ilə müalicə edirik. Siz bilirsiniz ki, son illər Azərbaycanda idmançılara çox böyük qayğı var. İdmançılar xüsusilə ciddi zədələnmədən sonra bizə müraciət edir.  
 
- Bu xəstələr fizioterpevtə birbaşa, yoxsa göstərişlə gəlməlidir?
 
- Hər kəs bilməlidir ki, fizioterapevt bir həkimdir. Əgər hansısa bir həkim göstəriş yazıb xəstəni fizioterapiya müalicəsinə göndərirsə, o zaman fizioterapevt niyə lazımdır? Azərbaycanda bu sahədə ən ciddi problem budur. Başqa bir həkim xəstəyə fizoterapiya müalicəsi yazır. Bundan sonrakı proses bizə aiddir. Bizim klinikada 45-ə yaxın avadanlıq var. Bizim əsas işimiz avadanlıqlarla hansı xəstəliyə, harda, nə qədər və hansı müddətdə müalicə tətbiq edilməsidir. Uşaqlarda daha çox yayılan düz pəncə xəstəliyini biz bir rentgenlə çəkib vəziyyəti müəyyən edir və müalicə edirik. Bizə xəstələr birbaşa və ya həkimin göstərişi ilə müraciət edirlər. Azərbaycanda tibb sahəsində çox sürətlə inkişaf gedir. Hazırda Sovet təbabətinin, Avropa və ABŞ müalicə üsulları tətbiq olunur. Ancaq Sovet təbabətinin effektivliyi azalıb və ciddi bir nəticə vermir. Avropa və ABŞ müalicə üsullarının üstünlüyü ondadır ki, texnalogiya ilə tibb birləşdirilib. Əvvəl xəstənin beli ağrıyanda kor-koranə müalicə edilirdi. Ancaq indi texnologiyanın imkanlarından istifadə edib xəstəliyin vəziyyətini asanlıqla müəyyənləşdiririk və hansı müalicə üsulundan istifadə edilməsi qərarı verilir. Bəzən xəstənin beli ağrıyanda bilmir ki, hansı həkimin yanına getsin. Amma mən tam səmimiyyətimlə deyirəm ki, bütün həkimlərə gedib pul xərcləyəndən sonra xəstə gəlib fizioterapevtə çıxır. İlk olaraq terapevtə gəlsələr, bu qədər vaxt itkisə də olmaz. Bizim 20 ilə yaxın təcrübəmiz var. Bu gün hər 10 xəstədən 7-də osteoxondroz xəstəliyi var. Biz həmin xəstəliyin müalicəsi ilə ciddi məşğul oluruq. Bu gün biz onurğa disk yırtığı xəstəliyi xəstələrinin 75-80%-ni artıq müalicə ilə sağaldırıq. Yalnız 15-20 % xəstə əməliyyat yolu ilə sağlamlığına qovuşur. 

BAKU.WS